Azərbaycanda auditən keçməklə bağlı vəziyyət pisləşib.
Bunu Auditorlar Palatasında da etiraf edirlər.
Qurumun məlumatına görə, 2021-ci ildə Azərbaycanda 4 515 məcburi audit subyekti olub. Bunun da 2 022-si və yaxud 44,8%-i auditdən keçib. Bu isə 2020-ci illə müqayisədə 3,9 faiz bəndi azdır. Həmin il ölkədəki 4 512 məcburi audit subyektindən 2 198-i və yaxud 48,7%-i auditdən keçib.
Bəs Azərbaycanda auditdən niyə keçmirlər? Bazar iqtisadiyyatı şəraitində olduqca vacib olan bu xidmətə ölkədə tələbat niyə aşağı səviyyədədir? "Report" bu məsələ ilə araşdırma aparıb.
"Auditə çəkilən xərcə izafi xərc kimi baxırlar"
Azərbaycandakı audit şirkətlərindən birinin rəhbəri olan Müşfiq Əliyev deyir ki, yerli şirkətlər, eləcə də siyasi partiyalar və bələdiyyətlər auditə çəkilən xərcə izafi xərc kimi baxırlar. Amma səbəb təkcə bu deyil: "Müəssisə rəhbərləri həm də auditorlarla görüşüb onlara sənədlərin təqdim edilməsinə sərf olunan vaxtı əlavə vaxt itkisi hesab edirlər. Bundan başqa, auditin aparılması üçün müəssisənin bütün hesabatları beynəlxalq standartlara uyğun hazırlanmalıdır. Bu da həmin qurumun maliyyəçilərinin biliklərinin daha çox olmasını tələb edir. Onlar bu beynəlxalq standartları bilməlidir ki, hesabatları lazımi səviyyədə tərtib etsinlər və audit zamanı əskiklik az olsun".
Auditor bu sahədə müxtəlif dövlət qurumlarının gördüyü işlərə də aydınlıq gətirib: "Məsələn, Auditorlar Palatası müəssisələrə məktublar göndərərək onları audit aparmağa stimullaşdırır. Maliyyə Nazirliyi daha çox cəzalandırma ilə məşğuldur. Nazirlik audit aparılmayan, maliyyə hesabatlarını dərc etdirməyən müəssisələrə xəbərdarlıq edir, maliyyə sanksiyalarının tətbiq edilməsi üçün məhkəmələrə müraciət edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti isə hər bir vergi ödəyicisinə autidin aparılması tələbi ilə məktublar göndərir".

"Cərimələrin sayı artsa, auditdən keçərlər"
Auditorlar Palatasının sədrinin müşaviri Fəqan Qarayev isə diqqəti auditdən keçmə nisbətinin azalmasına yox, auditdən keçən müəssisələrin sayının artmasına yönəldir: "Palata olaraq tədbilər görürük ki, auditdən keçən müəssisələrin sayı artsın. Mikro və kiçik sahibkarlıq subyektləri auditdən keçməkdən azad olunub. Onlar könüllü auditdən keçə bilər. Dövriyəsi 3 milyon manatdan yuxarı, işçi sayı 51 nəfərə çatan müəssisələr məcburi audit subyekti olur. Səhmdar cəmiyyətləri dövriyəsindən asılı olmayaraq məcburi auditdən keçməlidir. Çünki onlar maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edirlər. Publik hüquqi şəxslər, sığorta təşkilatları və banklar da auditdən mütləq keçməlidirlər və əksər hallarda keçirlər. MMC-lərdə auditdən yayınma halları olur. Biz onları müəyyən edib siyahısını Maliyyə Nazirliyimə və digər aidiyyatı qurumlara göndəririk. Auditdən keçməyən məcburi audit subyektlərinə qarşı cərimə protokolunun tərtib edilməsi səlahiyyəti Maliyyə Nazirliyinə məxsusdur. Bu cərimələri biz tətbiq etmirik. Biz Palata olaraq müxtəlif mənbələrdən aldığımız rəsmi məlumatlarla ölkədəki məcburi audit subyektlərinin sayını müəyyən edirik. Onların içindən auditdən keçənləri ayırd edəndən sonra yerdə qalan siyahını Maliyyə Nazirliyinə təqdim edirik. Nazirlik də həmin təşkilatlara cərimə tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərir. Hazırda real şəraitdə tətbiq olunan cərimələrin sayının az olması auditdən yayınma hallarının çox olmasının səbəbidir. Məcburi auditdən yayınan müəssisələr bir neçə dəfə cərimə olunsalar, auditdən keçərlər”.
"Report" xatırladır ki, Mülki Məcəlləyə uyğun olaraq Azərbaycanda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla MMC-lər illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. SC-lər isə illik hesabatını və maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etdirməyə borcludur ki, bu da onların auditini məcburi edir. Eyni zamanda “Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq, ictimai əhəmiyyətli qurumlar, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı hazırlayan kommersiya qurumlar, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifələrində və mətbu orqanda dərc etdirməlidirlər. İnzibati Xətalar Məcəlləsinə əsasən, “Auditor xidməti haqqında” qanunla nəzərdə tutulmuş məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300-600 manat, hüquqi şəxslər isə 1 500-2 500 manat cərimə edilir.