Azərbaycanda 8 ayda orta illik inflyasiya 5,7 % olub
- 09 sentyabr, 2026
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,9 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 % artıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, avqustda istehlak qiymətləri ötən ilin eyni ayına nisbətən 5,7 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5 % artıb.
Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 0,3 % artıb.
Avqustda ayrı-ayrı qida məhsullarından əsasən qarabaşaq və yulaf yarması, mal və qoyun əti, təzə balıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, albalı, gilas, ərik, saftalı, çiyələk, ağ kələm, göyərti, pomidor, sarımsaq və soğan bahalaşıb, makaron məmulatları, kərə yağı, banan, alma, armud, gavalı, qarpız, yemiş, üzüm, qoz, fındıq, xiyar, şirin bibər, badımcan və kartof ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 % artıb. Qeyri-qida mallarından divar kağızı, kərpic, alçı lövhə, elektrik avadanlıqları, şəxsi gigiyena vasitələri və zərgərlik məmulatları bahalaşıb, yay geyimləri, yuyucu və təmizləyici vasitələr, fərdi və planşet kompüterlər ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Avqustda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə iyula nisbətən 0,2 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən istirahət turlarının və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.