Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard ABŞ dollar məbləğində investisiyaya ehtiyacı var.
"Report" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.
Onun sözlərinə görə, bu Dünya Bankı Qrupunun “İqlim və İnkişaf Hesabatı”nda öz əksini tapıb: “Bu investisiyaların əhəmiyyətli bir hissəsi özəl sektorun, eləcə də bank sektorunun iştirakı ilə - 60 %-i hökumət və ictimai qurumlar tərəfindən, qalan 40 %-i isə banklar tərəfindən maliyyələşdirilməsi təmin edilə bilər. Yəni gələcək 36 il ərzində banklar tərəfindən "yaşıl maliyyə"yə yönləndirilməsi məqsədə uyğun hesab edilən həcm 17,6 milyard ABŞ dollardır. Bu çağırışların öhdəsindən gəlmək üçün həm dövlət sektoru, həm də özəl sektor tərəfindən investisiyaların cəlb edilməsinə dəstək verilməlidir. Dövlət və beynəlxalq maliyyə qurumları, eləcə də xarici investorlar ilə əməkdaşlıq gücləndirilməli, banklar tərəfindən "yaşıl kredit"lər və digər iqlim maliyyə alətləri təqdim edilməlidir. "Yaşıl maliyyə" üçün dövlət-özəl tərəfdaşlıqları genişlənməli, banklar "yaşıl kredit"lər və dayanıqlı maliyyə alətləri ilə bazara dəstək verməlidir”.
Növbəti dövrdə bank sektorunun təqribən hazırkı kredit portfeli böyüklüyündə vəsaiti sırf "yaşıl layihə"lərə yönləndirməli olduğunu xatırladan Z.Nuriyev, beynəlxalq təcrübədə çıxış yolu kimi bankların yönələ biləcəyi müxtəlif alətlərin mövcudluğuna diqqət çəkib: “Bu istiqamətdə görülən işlərdə dövlət dəstəyi istisnasız ən əhəmiyyətli amillərdəndir. Həm dövlət fondlarının dəstəyi, həm qanunvericilik, həm də requlyator tərəfindən edilən tənzimləyici yumşaltmalar təşviqedici amil olmaqla yanaşı banklar üçün əlavə sərbəst vəsait yaradır və ya birbaşa bu vəsaiti onlara verir.
Beynəlxalq maliyyə qurumlarının dəstəyi də vacib amillərdəndir. Azərbaycan bankları Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi beynəlxalq maliyyə qurumlarından pərakəndə, xüsusən kiçik və orta sahibarlıqla məşğul olan müştəriləri əhatə etmək üçün ekoloji kredit xətləri alıblar. Bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi maliyyələşmə imkanlarını artırmaq üçün olduqca əlverişli ola bilər.
Banklar üçün digər bir maliyyə mənbəyi isə "yaşıl istiqrazlar"dır (green bonds). Bu istiqrazlar vasitəsi ilə ekoloji layihələrə sərmayə qoymaq istəyən investorlar üçün də əlavə imkanlar yaradıla bilər”.
Z.Nuriyev araşdırmalara əsaslanaraq bildirib ki, 2030-cu ilədək dünyada illik olaraq 8-9 trilyon ABŞ dolları, 2050-ci ilə qədər isə illik 10-11 trilyon ABŞ dolları iqlim maliyyəsi tələb olunur. Bu məbləğ “Net Sıfır” üçün ümumilikdə təxminən 270 trilyon ABŞ dolları təşkil edir. Müqayisə üçün, bu gün qlobal ÜDM isə təqribən 100 trilyon ABŞ dollarıdır. "Bununla belə, izlənilən qlobal iqlim maliyyəsi ilk dəfə 2022-ci ildə 1 trilyon ABŞ dollarını ötüb və 1,3 trilyon ABŞ dollarına çatıb. Müxtəlif tədqiqatlar mövcud siyasətlərin davam etdiyi təqdirdə, istiləşmənin 3°C-ni aşacağını və bunun 2050-ci ilədək ÜDM-in ən azı 18%-i, 2100-cü ilə qədər isə 20 %-i qədər makroiqtisadi itkilərə səbəb olacağını göstərir", - Assosiasiya rəhbəri qeyd edib.