Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti 23 % artıb

Maliyyə
  • 20 aprel, 2023
  • 08:28
Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti 23 % artıb

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2022-ci ildə məcmu gəlirləri 895,374 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 5 % çoxdur.

Ötən il sığortaçıların məcmu xərcləri isə 2,4 % artaraq 791,41 milyon manat olub. Şirkətlərdən 12-nin gəlirləri, 13-nün isə xərcləri artıb.

2022-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 103,964 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 30 % çoxdur. 8 şirkətdə maliyyə mənfəəti artıb, 4 şirkətdə azalıb, 1 şirkətdə maliyyə zərəri artıb, 2 şirkətdə azalıb, 2021-ci ildə maliyyə mənfəəti əldə etmiş 4 şirkət 2022-ci ildə maliyyə zərərinə uğrayıb, əvvəlki il maliyyə zərəri ilə üzləşmiş 1 şirkət isə ötən il maliyyə mənfəəti əldə edib.

2022-ci ildə sığorta şirkətləri 29,592 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2021-ci ilə nisbətən 51,8 % çoxdur. 20 şirkətdən 8-i vergi ödənişlərini artırıb, 6-sı vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 5 şirkətdən 4-ü ötən il də vergi ödəməyib, 1-i isə vergi ödəyib. 1 şirkət isə əvvəlki il vergi ödədiyi halda, ötən il vergi ödəmələrinə qənaət edib.

2022-ci ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 74,372 milyon manat olub. Bu da 2021-ci illə müqayisədə 23 % çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 8 şirkət həm də xalis mənfəətini artırıb, maliyyə mənfəəti azalmış 4 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri artmış 1 şirkətin həm də xalis zərəri artıb, maliyyə zərərini azaltmış 2 şirkət həm də xalis zərəri azaldıb. 2021-ci ili mənfəətlə başa vurmuş 4 şirkət 2022-ci ili zərərlə, əvvəlki ildən zərərlə çıxmış 1 şirkət isə ötən ildən mənfəətlə çıxıb.

Son xəbərlər

Bütün Xəbər Lenti