Bakı. 19 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə ilk yeri “Paşa Sığorta” şirkəti tutub. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına əsasən, şirkət 10 ayda 57,5 mln. manat sığorta haqqı toplayıb.
"Report"un ASA-ya istinadən verdiyi xəbərə görə, sonrakı yerlərdə qərarlaşan “Paşa Həyat Sığorta”nın yığımları 48 mln. manat, “Atəşgah Sığorta”nın isə 37,6 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə ilk beşliyi 36,5 mln. manatla “Azərsığorta” və 32,7 mln. manatla “Atəşgah Həyat Sığorta” şirkətləri tamamlayır. Ümumilikdə, bazarın 56%-i və ya təxminən 212,3 mln. manatı ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.
Ən az sığorta haqqı toplayan isə “Başak İnam” (914 min manat), “Amrah Sığorta” (740 min manat), “Azərqarant” (212 min manat), “Çartis Azərbaycan” (62 min manat) və “Günay Sığorta” (60 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2 mln. manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.
Lisenziyası ötən ilin noyabr ayında dayandırılmış, bu ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.
Ümumilikdə, 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 50 mln. manatdan çox, 1-də 40 mln. manatdan çox, 3 şirkətdə 30 mln. manatdan çox, 1 şirkətdə 20 mln. manatdan çox, 5 şirkətdə 10 mln. manatdan çox, 4 şirkətdə 5-10 mln. manat, 6 şirkətdə 1-5 mln. manat, 2 şirkətdə 0,5-1 mln. manat, 4 şirkətdə isə 500 min manatdan az olub. Şirkətlərdən 9-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.
Hesabat dövründə sığorta ödənişlərinin məbləğinə görə də lider 24,6 mln. manatla “Paşa Sığorta” şirkəti olub. Sonrakı yerləri tutmuş “Qala Sığorta”nın ödənişləri 16,4 mln. manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 13,1 mln. manat təşkil edib. Ödənişlərin məbləğinə görə ilk beşliyə, həmçinin “Atəşgah Həyat Sığorta” (11 mln. manat) və “Azərsığorta” (10,5 mln. manat) daxildir. Ümumilikdə, ödənişlərin 54%-i və ya təxminən 75,6 mln. manatı ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.
Ən az ödəniş edən şirkətlər isə 179 min manatla “Era-Trans”, 82 min manatla “Günay Sığorta”, 53 min manatla “Çartis Azərbaycan” və 2 min manatla “Azərqarant” olub. Bu şirkətlərin ümumi göstəricisi 316 min manat olub ki, bu da ödənişlərin 0,2%-nə bərabərdir.
Ümumilikdə, 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 mln. manatdan çox, 4-də 10 mln. manatdan çox, 5-də 5 mln. manatdan çox, 9-da 1-5 mln. manat, 3 şirkətdə 0,5-1 mln. manat, 2 şirkətdə 0,1-0,5 mln. manat, 3 şirkətdə isə 100 min manatdan aşağıdır. Şirkətlərdən 16-da sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib.