Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə fevralın 1-dən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verir.
“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya müvafiq olaraq fevral, mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcək. Yəni 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək.
Lotereyanın uduş məbləği 50 (əlli) manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək. Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartları iştirak edəcək. Lotereya dövründə, ümumilikdə, ölkə üzrə 1800 nəfərin qalib olacağı planlaşdırılır.
Lotereya haqqında daha ərtaflı məlumat AMB-nin internet səhifəsində də yerləşdirilib. Ödəniş kartı emissiya edən bankların kommunikasiya və müştəri xidməti personalı təlimatlandırılıb. Həmçinin Azərbaycan Banklar Assosiasiyası lotereyanın kommunikasiyası üzrə AMB-nin tərəfdaşıdır.
Lotereya ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə AMB-yə verilmiş tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilir. Növbəti illərdə də analoji kampaniyaların keçirilməsi nəzərdə tutulur.