Azərbaycan İnvestisiya Holdinqində "Azər-Türk Bank"ın strateji təşəbbüsləri müzakirə olunub
- 03 may, 2023
- 15:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) bu gün keçirilən iclasında "Azər-Türk Bank" ASC-nin strateji təşəbbüslərinin həyata keçirilməsi müzakirə olunub.
Bu barədə “Report” AİH-ə istinadən xəbər verir.
Bildirilib ki, "Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, Bankın İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib.
İclas iştirakçıları Bankın 2022-ci il üzrə və 2023-cü ilin birinci rübü üzrə idarəetmə hesabatını nəzərdən keçiriblər.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 %-i Azərbaycan dövlətinə məxsusdur. Prezident İlham Əliyevin 16 iyul 2022-ci il tarixli “Azər-Türk Bank” ASC-nin idarə edilməsinin təkmilləşdirilməsi haqqında imzaladığı Fərmana əsasən Bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.