Azərbaycan-Gürcüstan birgə müəssisəsinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 18 may, 2023
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 23-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Max" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” bu barədə Birjaya istinadən xəbər verir.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd, yəni 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "Max" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Çap idarəetmə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış şirkətin təsis paylarının 74 %-i Gürcüstanın eyni adlı şirkətinə, 25 %-i "PAŞA İnvestments" MMC-yə, 1 %-i isə Anar Abbasova (direktor) məxsusdur.