Azərbaycan-Gürcüstan birgə müəssisəsinin istiqrazları listinqə daxil edilib
- 17 may, 2023
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Max" MMC-nin 500 min manatlıq faizli, tәminatsız, sәnәdsiz, adlı istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.
Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.
İstiqrazlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
Emitentin tədavül müddətində istiqrazları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "Max" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Çap idarəetmə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış şirkətin təsis paylarının 74 %-i Gürcüstanın eyni adlı şirkətinə, 25 %-i "PAŞA İnvestments" MMC-yə, 1 %-i isə Anar Abbasova (direktor) məxsusdur.