2026-cı ilin sonunadək Azərbaycanda icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 17,5 %-ə endirilməsi, dövlət borcunun ÜDM-ə nisbətinin 20%-i keçməməsi hədəflənir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda çıxış edən Maliyyə Nazirliyinin Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin (OMXÇ) direktor müavini Rəşad Həsənov deyib.
Son illər dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan danışan R.Həsənov qeyd edib ki, büdcə qaydasının tətbiqi bu islahatların mühüm istiqamətlərindən biridir:" Biz 2018-ci ildən büdcə qaydasını tətbiq etməyə başlamışıq. Düzdür, 2020-ci ildə COVİD-19 pandemiyası və neftin qiymətinin kəskin düşməsi səbəbindən bir sıra digər ölkələrdə olduğu kimi bizdə də büdcə qaydasının tətbiqi müvəqqəti olaraq dayandırılmışdı. Lakin büdcə qaydası təkmilləşdirilərək bu ilin əvvəlindən onun tətbiqi bərpa edilib".
Onun sözlərinə görə, Azərbaycan resursla zəngin ölkədir, neft ixracatçısıdır: "Resurs ölkələri üçün büdcə qaydalarının tədbiqi xüsusilə əhəmiyyətlidir. Çünki bu ilk növbədə büdcə intizamının və fiskal dayanıqlığın təmin edilməsinə xidmət edir. Resursla zəngin ölkələrdə büdcə qaydaları müəyyən olunarkən ümumi balans deyil, daha çox resurs balansı hədəf götürülür. Ona görə də təsadüfi deyil ki, büdcə qaydasının iki əsas hədəfindən biri məhz icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin azaldılmasıdır".
R. Həsənov qeyd edib ki, 2018-ci ildə bu göstərici Azərbaycanda 30 %-dən yuxarı olub və 2026-cı ilin sonuna qədər 17,5 %-ə endirilməsi hədəflənir: "Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda bu göstəricinin 2026-cı ilin sonuna qədər 17,5 %-ə endirilməsi hədəflənir".
R. Həsənov həmçinin büdcə qaydasının digər lövbərinin dövlət borcunun ÜDM-ə nisbəti göstəricisi olduğunu bildirib. “Fiskal dayanıqlığın digər mühüm elementi borc dayanıqlığıdır. “2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”da 2026-cı ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin 20%-i keçməməsi hədəflənir”.