“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 6 % azalıb
- 11 oktyabr, 2024
- 13:22
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin yanvar-sentyabr aylarını 235,085 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,3 % azdır.
9 ay ərzində ABB-nin gəlirləri 896,255 milyon manat (illik müqayisədə 21,1 % çox), xərcləri 518,275 milyon manat (47,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 88,641 milyon manat (66,9 % çox), mənfəət vergisi ödəmələri isə 54,255 milyon manat (36,1 % az) təşkil edib.
Bu il oktyabrın 1-nə ABB-nin aktivləri 13 milyard 436,626 milyon manat olub ki, bu da illik müqayisədə 17,5 % çoxdur. Bunun 5 milyard 620,969 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 36,1 % böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 18,8 % artaraq 11 milyard 549,831 milyon manata, o cümlədən depozit portfeli 17 % artaraq 9 milyard 665,242 milyon manata, balans kapitalı isə 10,3 % artaraq 1 milyard 886,795 milyon manata çatıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.