Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0,5 % həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi və bu normativin 1 mart 2025-ci il tarixindən sonra tətbiqinə başlanması ilə bağlı qərar qəbul edib.
“Report” bu barədə AMB-yə istinaədn xəbər vgerir.
Məlumata görə, kontr-tsiklik buferin aktivləşdirilməsi qərarı müvafiq qaydalara uyğun olaraq əsasən kredit “gap”i göstəricisinin 2 %-i üstələməsi nəzərə alınaraq qəbul olunub.
Bundan başqa, bank sektorunda müşahidə edilən yüksək kreditləşmə dinamikası, bankların mənfəətliliyi və maliyyə dayanıqlılığı göstəriciləri də buferin tətbiqini şərtləndirən amillər sırasındadır.
Ötən ilin noyabr ayının sonuna, kredit portfelinin illik artımı 19,6 % təşkil edib. Bu da nominal qeyri-neft-qaz ÜDM-nin artımını 2 dəfəyə qədər üstələyir. Ölkədəki 22 bankın 19-də kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.
Müvafiq qaydalara əsasən kontr-tsiklik buferin aktivləşdirilməsi üçün əsas göstərici kimi cəmi kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi və cari göstəricisi arasındakı fərq (kredit “gap”i) istifadə olunur. Son qiymətləndirmələrə görə bu göstərici 2,9 % təşkil edərək kontr-tsiklik buferin aktivləşdirilməsini aktuallaşdırıb.
Bank sektorunun yüksək mənfəətliyi və kapitallaşma səviyyəsi də kontr-tsiklik buferin tətbiqini dəstəkləyən amillər kimi çıxış edib. Cari ilin 11 ayında banklar 966 milyon manat xalis mənfəət əldə edib, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18,4 % təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 milyard manatı keçib, məcmu kapital adekvatlılığı isə 17,5 % olub. Bu şəraitdə banklar əvvəlki il 456 milyon manat, ötən il isə 610 milyon manat dividend ödənişi həyata keçirib.
Kontr-tsiklik buferin aktivləşdirilməsi Bazel Komitəsinin tövsiyələrinə uyğun olaraq bank sektorunun dayanıqlılığını artırmaq və maliyyə sabitliyini dəstəkləmək məqsədi daşıyır. Bu makro-prudensial alətin tətbiqi bank sektorunun mümkün şoklara qarşı dayanıqlılığını artırmaqla yanaşı onun kreditləşmə fəaliyyətinin fasiləsizliyinə imkan verəcək.
Hesablamalara əsasən, kontr-tsiklik buferin tətbiqindən sonra sektorun risk üzrə ölçülmüş potensial aktivlərinin həcmi 18,7 milyard manat qiymətləndirilir. Bu onu göstərir ki, yeni qərardan sonra da bank sektorunun kredit portfelinin əhəmiyyətli genişlənmə potensialı qalır. Həmçinin buferin 2 aydan sonra tətbiqinə başlanması onun növbəti dövrlərdə banklarda strateji planlaşdırma və büdcə proseslərində, habelə kapitallaşma və dividend siyasətlərində nəzərə alınmasına imkan yaradır.