Azərbaycan bankirləri bank sektoru ilə bağlı hüquqi məsələlərin mətbuatda daha dolğun işıqlandırılmasını istəyir

Maliyyə
  • 03 aprel, 2018
  • 07:12
Azərbaycan bankirləri bank sektoru ilə bağlı hüquqi məsələlərin mətbuatda daha dolğun işıqlandırılmasını istəyir
Aba.az

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupunun iclası keçirilib.

"Report" ABA-ya istinadən xəbər verir ki, iclasda Qrupun sədri Qorxmaz Ağayev və Qrupa üzv olan digər bankların nümayəndələri iştirak edib.

İştirakçılar Ekspert Qrupunun 2018-ci il üçün Əməliyyat Planını, həmçinin 16 fevral 2018-ci il tarixində keçirilmiş iclasda qəbul edilmiş qərarların icra vəziyyətini müzakirə edib. İclasda bank kreditləri üzrə tələbləri məhkəmələrin tam həcmdə tanımaması, banklar üçün vahid standart müqavilələrin hazırlanması üçün işçi qrupunun banklara müraciət göndərməsi və bank sektorunda mövcud olan hüquqi məsələlərin KİV-də dolğun işıqlandırılması ilə bağlı məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilib. 

Bununla yanaşı, banklarda "ASAN imza"nın verilməsinin hüquqi məqamları və digər cari məsələlər ilə ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.