Azərbaycan bankı son vaxtlar səhmlərinin bahalaşmasına münasibət bildirib
- 19 mart, 2025
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Son vaxtlar "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmlərinə tələb artmaqdadır və bu, onların qiymətini artırır.
"Report" ABB-yə istinadən xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"Səhmlərimizə marağın artması, çox güman, ABB-nin uğurlu maliyyə göstəriciləri, Banka inamın daha da artması, habelə investorların dividend gözləntisi ilə bağlıdır. Bu il mayın 7-nə qədər ABB səhmi əldə etmiş və aldığı səhmlər həmin tarixədək Milli Depozit Mərkəzinin reyestrinə düşmüş hər bir səhmdarımıza 2024-cü ilin mənfəətindən malik olduğu səhm sayına uyğun dividend ödəniləcək" - deyə o qeyd edib.
Bundan başqa, sədrin sözlərinə görə, 2024-cü ilin əvvəlindən ABB-də fiziki şəxslərin depozitləri 34 % və yaxud 665 milyon manatdan çox artıb ki, bu artımın da 75 %-ni və yaxud 495 milyon manatdan çox hissəsini milli valyutada olan depozitlər təşkil edir: "Dövr ərzində fiziki şəxslərin manatda olan müddətli əmanətləri isə 89 % artaraq 900 mln manatı ötüb. Ölkəmizin bank sektorunda isə son 3 ildə manatla depozitlərdə 67 % artım var, manatla əmanətlərimi 10 milyard manata yaxınlaşır. Bu dövrdə xarici valyutada fiziki şəxslərin əmanətlərinin ümumi portfeldə payı 39,8 %-dən 34 %-ə qədər azalıb. Bu da onu göstərir ki, əhalinin milli valyutaya inamı getdikcə güclənməkdədir".
"Ümumən deyərdim ki, son illərdə ölkəmizdə valyuta bazarındakı situasiya sabitdir. Düzgün qeyd edirsiniz ki, bəzi dövrlərdə tələbin artımı müşahidə edilir, amma tələb artımı iqtisadi amillərdən kənar səbəblərə görə olduğundan müvəqqəti xarakter daşıyır. Bəzən iri layihələrin maliyyələşdirilməsi, bəzən də əsassız şayiələr tələbata qısamüddətli təsir göstərir. Bütövlükdə isə xarici valyutaya tələbin artması fundamental amillərlə bağlı olmadığı üçün dayanıqlı deyil. Ölkəmizin valyuta ehtiyatları dayanıqlı şəkildə artır. 2024-cü ilin sonuna strateji valyuta ehtiyatlarımızın həcmi təqribən illik ÜDM-ə bərabər olub. Yalnız son 3 il ərzində Azərbaycanın valyuta ehtiyatları 33,4 % və yaxud 17,8 milyard ABŞ dolları artıb. Mövcud ehtiyatlar ölkəmizi gözlənilməz xarici və daxili şoklardan qoruyan təhlükəsizlik yastığı rolunu oynayır. Düşünürəm ki, vətəndaşlarımız manatda həm səhm, istiqraz kimi alətlərə investisiya edə bilərlər, həm də banklarda manatla depozit yerləşdirib yüksək qazanc imkanından faydalana bilərlər", - deyə A.İbrahimov əlavə edib.