Azərbaycan bankı 20 milyon manatlıq istiqraz buraxır
- 07 oktyabr, 2024
- 07:42
“Unibank” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 20 milyon manatlıq istiqrazlarını yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 200 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 138,2 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.