"Unibank" 15 milyon dollarlıq istiqraz buraxır
- 12 dekabr, 2024
- 11:02
“Unibank” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 15 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 15 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 6 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 138,2 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.