Avşar Gürdal: "Beynəlxalq ödəmə sistemlərinin Azərbaycan bazarına daxil olmaq müraciətləri artacaq"

Avşar Gürdal: "Beynəlxalq ödəmə sistemlərinin Azərbaycan bazarına daxil olmaq müraciətləri artacaq" “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal “Report” İnformasiya Agentliyinə müsahibə verib. O, müsahibəsində nağdsız ödənişlər, maliyyə sektorunda rəqəmsallaşma və digər aktual olan məsələlərlə bağlı fi
Maliyyə
23 Dekabr , 2022 11:38
Avşar Gürdal: Beynəlxalq ödəmə sistemlərinin Azərbaycan bazarına daxil olmaq müraciətləri artacaq
Avşar Gürdal

“Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal “Report” İnformasiya Agentliyinə müsahibə verib. O, müsahibəsində nağdsız ödənişlər, maliyyə sektorunda rəqəmsallaşma və digər aktual olan məsələlərlə bağlı fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik.

- Avşar bəy, hazırda ölkəmizdə nağdsız ödənişlərin əhatə dairəsinin genişlənməsi üçün çox ciddi işlər görülür. Son illər "Apple Pay" və "Google Pay" kimi beynəlxalq ödəmə sistemləri ölkəmizə gəlib. Qarşıdakı dövr üçün bu sahədə ölkəmiz üçün hansı yenilikləri gözləyirsiz?

- Azərbaycan çox böyük potensiala malik ölkədir. Bu gün aparılan əməliyyatlar arasında mobil təmassız ödənişlərin payı 10 %-ə çatıb. Biz bu göstəricinin sürətlə artaraq 2023-cü ilin sonuna doğru 30 %-ə çatacağını gözləyirik.

Təbii ki, adlarını çəkdiyiniz ödəmə sistemləri ilə yanaşı digər qlobal mobil təmassız ödəmə oyunçuları da bu potensialdan istifadə etmək istəyə bilər. Bunun üçün önümüzdəki dönəmdə Azərbaycanda fəaliyyətə başlaya bilərlər. Azərbaycan hazırda bu prosesə çox sürətlə adaptasiya olunur. Təbii ki, 1 il müddətində göstəricinin 10 %-ə yüksəlməsi bu uyğunlaşmanın sürətini göstərir.

Hazırda Azərbaycanda yalnız "Apple Pay" və "Google Pay" var. Əslində dünya mobil təmassız ödəmə bazarında da bu iki brend əsas paya malikdir.

Avşar Gürdal
Avşar Gürdal

Hesab edirəm ki, qarşıdakı illərdə beynəlxalq oyunçuların Azərbaycan bazarına daxil olmaq üçün müraciətləri artacaq və istehlakçılar da daha geniş seçim imkanı əldə edəcəklər.

- Ölkəmizdə son illər ən çox müzakirə edilən məsələlərdən biri vahid nəqliyyat kartı ilə bağlı məsələdir. Hansı ki, bu sahədə də sizin təcrübədən irəli gələn təklifləriniz ola bilər. Hazırda bu istiqamətdə hökumətlə hansısa danışıqlar aparılırmı?

- Hazırda bizim əsas fokuslandığımız məsələ nağdsız ödənişə üstünlük verən cəmiyyətə sahib olmaqdır. Bu səbəbdən də bütün seqmentlərdə, sektorlarda kart qəbulunu təmin etmək kimi bir strateji məqsədimiz var. Nəqliyyat da bunların önündə gəlir. Çünki siz nəqliyyatda kartınızdan cəmi bir dəfə təmassız şəkildə istifadə etdiyiniz zaman artıq ondan daimi şəkildə istifadə kimi vərdiş qazanırsınız.

Bildiyiniz kimi bu sahədə dünyada əhəmiyyətli təcrübəyə malikik. Təkcə Türkiyənin 30 şəhərində təmassız kredit kartları və bank kartlarının nəqliyyatda istifadəsinə şərait yaradan infrastruktur qurmuşuq.

Azərbaycanda da oxşar təcrübə tətbiq etdik. Şamaxı şəhərində oxşar pilot layihəni uğurla həyata keçirdik. Bütün bu məsələlərdə Azərbaycan Mərkəzi Bankı ilə daimi müzakirələr aparırıq. Yəni bu mövzu bizim üçün çox böyük əhəmiyyətə malikdir.

- Pandemiya dövründə Azərbaycanda olan bir sıra kommersiya bankları "Mastercard" və oxşar xidmətləri təqdim edən digər şirkətlərin xidmət haqlarının azaldılmasını istəyirdi. Bu məsələdə hansı müzakirələriniz olub?

- Təbii ki, bütün biznes əlaqələrində olduğu kimi biz də banklarla anlaşma çərçivəsində işləyirik. Bu anlaşma nəticəsində də biz qarşılıqlı olaraq müxtəlif stimullaşdırıcı addımlar atırıq. Bu baxımdan Azərbaycanda əhatə etdiyimiz qurumların hamısı ilə belə fəaliyyətlər həyata keçiririk.

- Siz təmassız ödənişlərin payının gələn ildə 3 dəfə arta biləcəyini qeyd etdiniz, bəs birdəfəlik təmassız ödəmə limitin dəyişdirilməsinə ehtiyac varmı, nəzərə alsaq ki, dünyada və ölkəmizdə yüksək inflyasiya müşahidə olunur?

- Əslində hazırda mövcud olan 100 manat o qədər də pis indikator deyil, əksinə ədalətli rəqəmdir. Dünya standartlarına uyğundur.

Bu göstəricilər dünyada zaman-zaman daha da artıb. Əvvəllər ölkələrdə bu göstərici 20 ABŞ dolları civarında idi. Amma bu rəqəmlərdə artım oldu. Artımın iki səbəbi var idi. Onlardan birincisi inflyasiya, ikincisi isə alıcıların alışqanlıqlarının dəyişməsidir. Mövcud inflyasiya göstəricilərinə uyğun olaraq bu rəqəmin artacağını proqnozlaşdıra bilərik.

- Təxminən bir ay öncə “Mastercard” və “Azərikard” prossesinq mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Bu müqavilə özündə nəyi ehtiva edir və hansı yeniliklərə əsas verəcək?

- Bəli doğru dediniz, biz “Azərikard”la məsləhət xidmətləri üzrə bir layihəyə imza atdıq. Bu layihə çərçivəsində məlumatların (DATA) idarə edilməsi ilə bağlı işbirliyi həyata keçirəcəyik. Təbii ki, məlumat günümüzün ən əhəmiyyətli mənəvi qidasıdır. Məlumatlardan doğru istifadə edən zaman istehlakçıya doğru xidmət göstərə bilirsən. Əslində bu gün dünyada bir çox şirkətlər təxminlər əsasında xidmət edir. Məsələn, “Google” sizin bundan sonra istifadə edəcəyiniz məhsulu, “Uber” nəqliyyatın hərəkətini, “Amazon” sizin hansı sahədə alış-veriş etdiyinizi təxmin etməyə çalışır. Təbii ki, bu proqnozlar da DATA-lar vasitəsi ilə edilir.

Biz də “Azərikard”la bərabər DATA ilə bağlı işlər həyata keçirəcəyik. Qurumlar məlumatlardan daha ağıllı və düzgün istifadə etməklə son istifadəçiyə belə daha sağlam xidmət etməsinə çalışacağıq. Bir sözlə əsas diqqətimizdə olacaq məsələ DATA-ların analizi olacaq.

- Bu gün Azərbaycan vətəndaşlarının onlayn alış-veriş etdiyi əsas ölkə Türkiyədir. Vətəndaşlarımız ölkə daxilində daha çox taksit (kredit) kartlarından istifadəyə önəm verirlər. “Mastercard”ın kartları həmin əməliyyatları həyata keçirilməsi üçün keçərlidirmi?

- Bu gün Azərbaycan banklarına məxsus bütün “Mastercard” kartları bütün dünyada keçərlidir. Amma bu kartlarla taksitli əməliyyatlar aparmaq üçün infrastruktura və inteqrasiyaya ehtiyac var. Yəni hazırda bu kartı təqdim edən şirkət kart vasitəsi ilə aparılacaq taksitli əməliyyatı maliyyələşdirə bilər, amma qarşı tərəfin onu qəbul etməsi üçün mütləq inkişafa ehtiyac var. Biz hazırda bu çətin layihənin üzərində çalışırıq. Çünki burada iki qurumu bir-birinə bağlayacaq infrastrukturun qurulması lazımdır. Hələlik həyata keçirməmişik.

Son xəbərlər

Orphus sistemi