Avropa Mərkəzi Bankı (ECB) əsas faiz dərəcələrini və geniş istiqraz satınalma proqramının həcmini dəyişdirməyərək COVID-19 pandemiyasının iqtisadi təsirlərini yumşaltmaq üçün qəbul edilmiş genişmiqyaslı stimallaşdırma paketinə dəyişiklik etməyib.
“Report” “Yahoo Finance”a istinadən xəbər verir ki, avrozonada nəzərəçarpacaq dərəcədə zəif inflyasiya və avronun dəyərində ciddi artım olmasına baxmayaraq, ECB-nin İdarəedici Şürasının iclasının yekununda pul-kredit siyasətinin mövcud parametrlərinin qorunub saxlanılmasına qərar verilib.
Cümə axşamı bazarlar ECB-nin avrozonada iqtisadi aktivliyin bərpa olunmasına dair əminliyinə reaksiya göstərdiyindən avro dollara münasibətdə (EUR/USD) bahalaşmağa davam edib.
Hərçənd ECB-nin prezidenti Kristin Laqardın sözlərinə görə, COVID-19 pandemiyasından əvvəlki dövr ilə müqayisədə səviyyə əhəmiyyətli dərəcədə aşağıdır və avrozonada, əvvəlki gözləntilərə uyğun olaraq, aktivlikdə güclü canlanma var.
“İstehsalat sektorundakı aktivlik yaxşılaşmağa davam edərkən, xidmətlər sektorundakı dinamika son zamanlar bir qədər yavaşlayıb. Hələ də bərpa olunma gücünə dair böyük qeyri-müəyyənlik var. Çünki bu, koronavirus pandemiyasının gələcək inkişafından və (hadisələrin təsirindən) qoruma siyasətinin müvəffəqiyyətindən çox asılı olmağa davam edir”, - o deyib.
ECB-nin pul-kredit siyasətini korrektə etməyə hazır olduğunu qeyd edən K.Laqard bildirib ki, İdarəedici Şüra avronun məzənnəsindəki dəyişikliklər də daxil olmaqla, əldə edilən məlumatları ortamüddətli inflyasiya gözləntilərinə təsir edəcək dərəcədə diqqətlə qiymətləndirəcək.
ECB məzənnə sabitliyindən çox qiymət sabitliyini hədəf alarkən son aylarda avronun dəyəri xeyli artıb, elə təkcə iyul ayında bu artım 4%-dən çox olub.
Mart ayından bəri Avropa valyutası ABŞ dolları qarşısında 10% bahalaşıb, bu da avrozona iqtisadiyyatına olan inamı və ABŞ Federal Ehtiyat Sisteminin çevik inflyasiya hədəfləmə siyasətinə keçmək qərarından sonra dolların zəifliyini əks etdirir.
Ancaq avronun gücü ilə bağlı dəfələrlə verilən suallara baxmayaraq, K.Laqardı, deyəsən, valyutanın məzənnəsinin bahalaşması narahat etmirdi. Hərçənd bu, avrozonada qiymətlərə mənfi təzyiq göstərir.
Avrozonada inflyasiya avqustda gözlənilmədən mənfi oldu, ilkin məlumatlara görə, -0.2% təşkil etdi.
Eyni zamanda ECB 2020-ci il üçün inflyasiya proqnozunu dəyişməyərək 0,3% səviyyəsində saxlayıb, 2021-ci ilə olan proqnozu 1%-dək qaldırıb. 2022-ci il üçün proqnoz dəyişməz olaraq 1,3% səviyyəsində qalmaqdadır və bu da inflyasiyanın bir neçə il ərzində ECB-nin “2%-dən az, amma ona yaxın” hədəf göstəricisindən xeyli aşağı olacağını göstərir.
K.Laqardın sözlərinə görə, 2022-ci il üçün dayanıqlı proqnoz əsas inflyasiya səviyyəsinin yuxarıya doğru yenidən baxılmasını ehtiva edir, bu da bir qayda olaraq qida məhsullarının və enerji daşıyıcılarının qiymətlərində qeyri-sabitliyi istisna edir.
Qeyd edək ki, təcili istiqraz satınalma proqramı ECB-nin APP kimi tanınan mövcud aktivlərin satınalma proqramını tamamlayır. Bu proqrama əsasən, ECB hər ay təqribən 20 milyard avroluq istiqraz alır.