“Atasığorta”nın aktivləri 2% artıb

Maliyyə
  • 04 aprel, 2017
  • 08:12
“Atasığorta”nın aktivləri 2% artıb

Bakı. 4 aprel. REPORT.AZ/ “Atasığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 32,232 mln. manat təşkil edib. “Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,7% çoxdur.

Hesabat ilində “Atasığorta”nın uzunmüddətli aktivləri 1,7% artaraq 2,524 mln. manat, qısamüddətli aktivləri isə 1,7% artaraq 29,708 mln. manat olub.

Təhlil olunan dövrdə “Atasığorta”nın cəmi öhdəlikləri 4,5% azalaraq 15,453 mln. manata, o cümlədən uzunmüddətli öhdəlikləri 2,3% azalaraq 14,966 mln. manat, qısamüddətli öhdəlikləri isə 43,2% azalaraq 486 min manat olub.

Ötən il sığortaçının cəmi kapitalı isə 8,25% artaraq 16,78 mln. manata çatıb.

"Atasığorta”nın cəmi gəlirləri ötən il 16,031 mln. manat (2015-ci ilə nisbətən 6,6% az), cəmi xərcləri 14,28 mln. manat (6,4% az) təşkil edib. Son nəticədə, şirkətin maliyyə mənfəəti 1,751 mln. manat olub ki, bu da illik müqayisədə 8,7% azdır.

“Atasığorta” dövlət büdcəsinə ödədiyi mənfəət vergisi və xalis mənfəətinin məbləğini açıqlamayıb.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 496 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.