Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi məqsədilə keçirdiyi müsabiqənin qaliblərindən olub.
"Report" bu barədə Azərbaycan Beynəlxalq Bankına istinadən xəbər verir.
Məlumata görə, bank bu il reallaşdırdığı IBA Tech Akademiyası layihəsinə görə ölkəmizdə korporativ sosial layihələrdə fəal iştirak edən biznes qurumu kimi mükafatla təltif edilib. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində noyabrın 21-də “Fairmont” otelində “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda keçirilən konfrans zamanı mükafat Azərbaycan Beynəlxalq Bankına təqdim edilib.
Müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz KSM layihələrini təqdim ediblər.
Layihələrin qiymətləndirilməsi Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə həyata keçirilib. Bu zaman layihələrin dayanıqlı iqtisadi inkişafa dəstək səviyyəsi, əhatə dairəsi, məzmunu, cəmiyyətə faydaları və s. bu kimi amillər nəzərə alınıb.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı "IBA Tech" Akademiyasını bu ilin sentyabrında yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Akademiyanın ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırdığı sosial layihəsi çərçivəsində burada təhsil ödənişsizdir.
Hazırda 100-dən artıq gənc "IBA Tech" Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kurslarında ölkəmizin əmək bazarında xüsusilə böyük tələbat olan "FrontEnd" və "BackEnd" proqramlaşdırma biliklərinə yiyələnir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov: “IBA Tech Akademiyası layihəsinin qazandığı mükafat, bu təşəbbüsümüzün mühüm ictimai faydalarından irəli gəlir. Azərbaycan Beynəlxalq Bankı cəmiyyətimizin yüksək maraq və rəğbətlə qarşıladığı bu cür gərəkli layihələri bundan sonra da davam etdirəcəklərini” bildirib.
Xatırladaq ki, müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.