Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevin "Report"a müsahibəsi:
- İlk olaraq ümumi aspektdən yanaşsaq, 2021-ci il ərzində sığorta sektorunda müşahidə olunan tendensiyaları necə səciyyələndirərdiniz?
- Əminliklə deyə bilərəm ki, 2021-ci il sığorta sektoru üçün çox uğurlu və səmərəli bir il oldu. 2020-ci ili də pandemiyanın sərt qaydalarına baxmayaraq uğurla, daha konkret desək artım dinamikası ilə başa vurmuşduq. Lakin 2021-ci ilin ilk 3 ayında yığımlarda cüzi volatillik müşahidə edildi. Biz bilirdik ki, bu, müvəqqəti dalğalanmadır. Proqnozlarımız özünü doğrultdu və növbəti aylarda yığımlarda artım sistematik olaraq təmin edildi.
İl ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) birbaşa nəzarəti və əzmkarlığı ilə sığorta sektorunun müxtəlif qollarında təkmilləşdirmə işləri aparıldı. Elektronlaşma yönündə funksional addımlar atıldı. Təkmilləşdirmə və stimullaşdırma aparılan istiqamətlər sırasında biz həm icbari, həm də könüllü sığorta növlərini göstərə bilərik.
İl ərzində, hələ 2020-ci ildən başladığımız beynəlxalq əlaqələr gücləndirildi. Məsələn, ASA olaraq biz Rusiya və Türkiyənin sığorta təcrübəsinin öyrənilməsi və ölkələr arasında sığorta sektorunda münasibətlərin tənzimlənməsi məqsədi ilə müvafiq olaraq Ümumrusiya Sığortaçılar Birliyi və Türkiyə Sığorta Birliyi ilə əməkdaşlıq istiqamətlərimizi müəyyənləşdirdik. Adı çəkilən ölkələrə işgüzar səfərlər edərək dünya təcrübəsini öyrəndik.
- İstərdik ki, Mərkəzi Bank tərəfindən açıqlanan son icmal rəqəmlərinə də toxunasınız. Son göstəriciləri necə qiymətləndirirsiniz?
- Azərbaycan Mərkəzi Bankının ötən həftə açıqladığı 2021-ci ilin yanvar-noyabr aylarını əhatə edən sığorta icmalında rəqəmlər çox sevindirici və ümidvericidir. Belə ki, əldə olunan nəticələrə görə, cari ilin 11 ayında 767 milyon manat (ÜDM-in 0,95 %-ni təşkil edir) sığorta haqqı təmin olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 100 milyon manat, 2020-ci ilin ümumi nəticələrindən isə 40 milyon manat çoxdur. Bu, rekordun yenilənməsidir və bu dəfə illik rekord il başa çatmamış yenilənir.
Maraqlıdır ki, 11 ayında nəticələrində analoji artım sığorta ödənişlərində də müşahidə edilir. Belə ki, qeyd olunan dövr ərzində ödənişlər 429 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 38 milyon manat çoxdur. Bu da onun göstəricisidir ki, ölkəmizdə sığorta mexanizminin aktiv işləkliyi tam təmin edilib.
Ötən ayların periodik nəticələrində olduğu kimi müvafiq dövr ərzində təmin olunmuş yığımlarda icbari növlərlə yanaşı, könüllü sığorta növləri də aktiv rol oynayıb.
Daha dəqiq və rəqəmlərlə ifadə etsək, 2021-ci ilin 11 ayının 767 milyon manatlıq yığımlarında icbari sığorta növlərindən Daşınmaz əmlakın icbari sığortası növü, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü və İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta növü aktiv rol oynayıb. Belə ki, müvafiq dövr ərzində Daşınmaz əmlakın icbari sığortası növü üzrə yığımlar 17 milyon manat, İcbari avto-sığorta üzrə yığımlar 5 milyon manat, İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta növü üzrə isə yığımlar 8 milyon manat artıb.
11 ayın göstəricilərində aktiv rol oynayan könüllü sığorta növləri sırasında Həyatın yaşam sığortası növü, Könüllü Tibbi sığorta növü, o cümlədən KASKO sığorta növünün adını çəkə bilərik. Adı çəkilən növlər üzrə yığımlarda – Həyatın yaşam sığortası növündə 57 milyon manat, Könüllü tibbi sığorta növündə 5 milyon manat, KASKO-da isə 2 milyon manat daha çox yığım təmin olunub.
Maraqlıdır ki, bir o qədər də məşhurlaşmamış sığorta növləri də var ki, onlarda da cari dövr ərzində ciddi müsbət hərəkətlənmələr başlayıb. Bu növlər də Əmək qabiliyyətinin sığortası (yığımları 5 dəfəyə yaxın artıb), Sağalmaz xəstəliklərdən sığorta (yığımları 2 dəfə artıb) və Səfər sığortasıdır (yığımları 2 dəfə artıb).
- Başa çatmaqda olan 2021-ci il sığorta bazarı üçün nə kimi yeni layihələrlə yadda qaldı?
- Təbii ki, mən bu istiqamətdə ən böyük layihə olaraq 3 qurum arasında – yəni AMB, ASA və İcbari sığorta Bürosu (İSB) arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ümumrespublika səviyyəsində təşkil olunmuş təbliğat və təşviqat layihəsini qeyd etmək istəyirəm. Bu layihə 3 illik dövr üçün nəzərdə tutulub və ilk mərhələ bu il uğurla yekunlaşdı. Layihə çərçivəsində Memorandum tərəfləri ilə birlikdə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri aktiv fəaliyyət sərgilədilər. İlk mərhələdə 70 dəfəyə yaxın televiziya və radio verilişlər təşkil edildi, 90 dəfəyə yaxın isə reportaj və xəbərlər yayımlandı.
Adı çəkilən layihə istiqamətində ilk mərhələ əhalinin risk fərqindəliyinin formalaşdırılmasına, risklərin qaçılmaz olduğuna dair çağırışlara, risk müxtəlifliyinin geniş izahına həsr olunmuşdu. Hesab edirəm ki, bu müddət ərzində vətəndaşlar riskləri daha dərindən dərk edərək onların qaçılmaz olduğunu bir daha qəbul etdi. Bunun əyani isbatı olaraq qeyd edim ki, cari ilin 11 ayı ərzində təmin olunmuş yığımların ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artmış olması o deməkdir ki, əhalidə sığortaya maraq və əhalinin risk fərqindəliyi bu qısa zamanda 15 % artıb.
Layihənin ikinci mərhələsində risklərlə paralel, ələlxüsus sığorta siniflərinin təbliği və tanıtımı işi aparılacaq. Əhali bu müddət ərzində səciyyələndirilən risklərin hansı sığorta sinifləri ilə və necə sığortalana biləcəyi ilə bağlı geniş məlumat ala biləcək.
- 2021-ci ili təhlil etdik, layihələrdən danışdıq. Bəs yerli sığorta bazarının 2022-ci ildən gözləntiləri nələrdir? 2022-ci il ilə bağlı bazar aktivliyi istiqamətində proqnozlarınız hansı yöndədir?
- Sığorta icması olaraq 2022-ci ildən gözləntilərimiz böyükdür. Bu gün ölkəmizdə tətbiq edilən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə penetrasiya – yəni əhatəlilik dərəcəsi 100 %-dir. Hətta bu nəticəyə görə, Azərbaycan regionda lider ölkədir. Hədəf və gözləntimiz o yöndədir ki, digər icbari və könüllü növlərdə də penetrasiya faizini yüksəldək. Bu, mümkündür, çünki hər bir sığorta növünün inkişaf potensialı böyükdür.
Növbəti gözlənti və hədəfimiz isə sığorta sektorunun Ümum Daxili Məhsuldakı payının yüksəldilməsi ilə bağlıdır. Çünki sığorta sektoru hər bir ölkədə olduğu kimi Azərbaycanda da iqtisadiyyatın lokomotivlərindəndir.
Digər əsas hədəflərimizdən biri də əhalidə sığortaya olan marağın tədricən yox, sürətlə formalaşması yönündədir. Çünki sığorta bütün zamanların icbari reallığıdır.
Proqnozumuz isə ondan ibarətdir ki, 2022-ci ildə yığımlarda ciddi və davamlı volatillik ehtimal edilmir. Artım dinamikasının gələn il ərzində də davam edəcəyini gözləyirik. Çünki həyata keçirilən böyük miqyaslı layihələr, əhalinin sığorta xidmətlərinə olan marağının tədricən artması və sığorta sektorunda mütəmadi olaraq həyata keçirilən təkmilləşdirmə və stimullaşdırma tədbirləri optimist proqnoza əsas verir.