Dünya ölkələrində sığorta sektorunun işlək olmasını göstərən amillərdən biri könüllü sığorta növlərinə tələbatın olmasıdır. Azərbaycanda da əhali həm həyat, həm də qeyri-həyat sığortası üzrə könüllü sığorta növlərinə maraq göstərir.
Sığorta bazarının dinamikliyi iqtisadiyyatın digər sahələrindəki tendensiyalarla sıx bağlıdır. Pandemiyanın yayılması müxtəlif iqtisadi sektorlara təsir etməklə sığorta şirkətlərini də çətinliklər qarşısında qoydu. Buna baxmayaraq statistik göstəricilər ölkədə könüllü sığorta növləri üzrə artımların olduğunu bildirir. Pandemiyadan öncə, yəni 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 241 milyon 792 min manat sığorta haqqı toplanıbsa, 2021-ci ilin müvafiq dövründə bu göstərici 26 % artaraq 304 milyon 513 min manat olub. Mərkəzi Bankın təqdim etdiyi bu göstəricilərdə 2016-cı və 2021-ci illərin ilk altı ayının müqayisəsində də sığorta haqlarında iki dəfəyə yaxın artım olduğu görünür.
Sığorta bazarı iştirakçısı olan İlkin İbrahimov “Report”a açıqlamasında bildirib ki, bu göstəricilər könüllü sığorta növlərinin ölkəmizdə daha yaxşı inkişaf etdiyini deməyə əsas verir:
“Sığorta şirkətlərinin, xüsusən könüllü tibbi sığorta sahəsində fəaliyyətləri təqdir olunmalıdır”
İlkin İbrahimovSığorta bazarı üzrə ekspert İlkin İbrahimov
“Pandemiya dövründə xaricə səfər edən vətəndaşların könüllü sığortası ilə bağlı vəziyyət ürək açan olmayıb. Könüllü əmlak sığortası üzrə isə artımlar böyük olub və 73 milyon manata çatıb. Avtonəqliyyat vasitələrinin könüllü sığortası ilə bağlı vəziyyət acınacaqlıdır. Digər könüllü sığorta növləri üzrə isə artımlar var.
Pandemiya dövründə sığorta şirkətləri tibbi sığorta ilə bağlı bazara müxtəlif məhsullar təklif edir. Əvvəlki illərdə könüllü tibbi sığorta üzrə daha az sığorta haqqının toplandığını görürdük. Amma bu ilin altı ayı üzrə 70 milyon manatdan çox sığorta haqqı yığılıb. Bu da onu göstərir ki, sığorta şirkətlərinin tibbi sığorta ilə bağlı siyasətləri düzgündür. Hətta əlavə alternativ çıxsa da, yəni icbari tibbi sığorta olsa belə, burda artımlar var. Ona görə də sığorta şirkətlərinin, xüsusən könüllü tibbi sığorta sahəsində fəaliyyətləri təqdir olunmalıdır.
Könüllü əmlak sığortası ilə bağlı yığımlar daha yüksələn xətt üzrə inkişaf edir. Pandemiya ilə bağlı ölkəmizdə yeni məhsullarla yanaşı yeni texnologiyalardan da istifadə olunur. Könüllü sığorta növləri üzrə Mərkəzi Bankın da mövqeyi qənaətbəxşdir. Sığorta sektoruna nəzarət AMB-nin səlahiyyətinə keçəndən sonra sektorun inkişafında yeni mərhələlər başlayıb”.
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev sığorta bazarının inkişafında könüllü sığorta növlərinin rolundan danışıb:
“AMB-nin açıqladığı 2021-ci ilin yanvar-iyun ayları üzrə sığorta icmalına nəzər salsaq aydın şəkildə görərik ki, geridə qoyduğumuz yarım il ərzində yerli sığorta bazarının inkişafının stimullaşdırılmasında könüllü sığorta növləri əhəmiyyətli dərəcədə rol oynayıb. Belə ki, ötən müddət ərzində bazar aktivliyi ilə seçilən könüllü sığorta növləri sırasında xüsusilə könüllü həyat sığortası növlərini və daşınar əmlakın könüllü sığortası növünü misal göstərə bilərik.
“Pandemiya dövründə yerli sığorta bazarı iştirakçıları tərəfindən könüllü sığorta növləri üzrə preventiv strategiya tətbiq olundu, bazara yeni məhsullar çıxarıldı, sığortalı marağı təmin olundu, eyni zamanda müştəri məmnuniyyəti qorunub saxlandı”
Elmar MirsalayevAzərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru
Könüllü həyat sığortası növləri üzrə ümumilikdə yerli həyat sığortası bazarı iştirakçıları tərəfindən cari ilin yanvar-iyun aylarında 158,6 milyon manat sığorta haqqı təmin edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27,2 milyon manat çoxdur.
Könüllü həyat sığortası sinifinə aid olan “Həyatın yaşam sığortası” növü hər zaman olduğu kimi bazardakı aktivliyi ilə xüsusilə seçilir. Belə ki, qeyd olunan dövr ərzində adı çəkilən növ üzrə 140,6 milyon manat sığorta yığımı təmin edilib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 28,6 milyon manat çoxdur. Analoji artım adı çəkilən növün ödənişlərində də müşahidə olunur. Qeyd edək ki, bu növ üzrə ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon manat artaraq 137,7 milyon manat təşkil edib.
Daha bir maraqlı dinamika daşınar əmlakın könüllü sığortası kimi tanıdığımız könüllü qeyri-həyat sığorta sinifinə aid “Əmlakın yanğından və digər risklərdən sığortası” növündə müşahidə olunur. Adı çəkilən növ üzrə 2021-ci ilin ilk yarım ilində 29,3 milyon manat sığorta yığımı təmin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 milyon manat çoxdur. Qeyd olunan növ üzrə yığımlar isə 1,7 milyon manat artımla 2,8 milyon manat təşkil edib ki, bu da adı çəkilən növün işləkliyini və aktivliyini əyani şəkildə göstərən nüansdır.
Pandemiyadan neqativ yöndə təsirlənən “Xaricə səfər edən vətəndaşların sığortası” növündə cüzi də olsa bir hərəkətlənmə qeydə alınıb. Belə ki, cari ilin yanvar-iyun aylarında bu növ üzrə yığımlar 829 min manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 36 min manat çoxdur”.
E.Mirsalayev qeyd edib ki, pandemiya dövründə bazar stabil artım tendensiyasını qoruyub saxlayıb:
“Pandemiya ümumilikdə yerli sığorta bazarı üzrə artım dinamikasına neqativ yöndə təsir etməsə də, bəzi sığorta növlərinin bazar aktivliyinə təsir etmiş oldu. Lakin ASA olaraq apardığımız müşahidələrə əsasən deyə bilərik ki, yerli sığorta bazarı iştirakçıları müvafiq istiqamətdə preventiv strategiya tətbiq edərək gözlənilənlərin qarşısına keçmiş oldu və bazar stabil artım tendensiyasını qoruyub saxladı.
Bildiyiniz kimi icbari sığorta növləri konkret mexanizm üzrə tətbiq edilməkdədir. Yuxarıda qeyd olunan preventiv strategiya isə əsasən könüllü sığorta növləri üzrə tətbiq edildi və bazara yeni məhsullar çıxarıldı, sığortalı marağı təmin olundu, eyni zamanda müştəri məmnuniyyəti qorunub saxlandı.
Bu yöndə deyə bilərik ki, pandemiya mövcud və potensial sığorta olunanlarda xüsusilə tibbi və həyat sığortası növlərinə marağı artırmış oldu. Bazar iştirakçıları da yaranmış tələbi səmərəli təkliflə təmin etdi. Nəticədə bazar yeni məhsullarla yenidən canlandı.
Bu dinamik tendensiya növbəti dövrlərdə də davam edəcək. Çünki hər bir dövrün öz tələbi var. Hər bir tələb də sektorun uğurlu təklifləri ilə təmin edilməlidir və edilir”.