ASA-da həyat sığortası ilə bağlı işçi qrupunun görüşü keçirilib
- 23 fevral, 2018
- 08:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 fevral. REPORT.AZ/ “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin təşkilatçılığı ilə həyat sığortası istiqamətində işçi qrupunun görüşü keçirilib.
Bu barədə “Report” ASA-ya istinadən xəbər verir.
Məlumata görə, görüşdə qurumun və ölkədə fəaliyyət göstərən həyat sığortası şirkətlərinin nümayəndələri iştirak edib. Tərəflər həyatın yığım sığortası ilə vətəndaşlara vergi və məcburi dövlət sosial sığorta sahəsində nəzərdə tutulan imtiyazlar, onun vətəndaşlar və dövlət üçün yaratdığı imkanlar barədə müzakirələr, “Sosial sığorta haqqında” qanuna təklif edilən düzəlişlər, onun sığorta bazarında doğuracağı nəticələr, üstünlüklər və çatışmazlıqlar barədə fikir mübadiləsi aparıblar.
İşçi qrupu qanuna dəyişikliklə əlaqədar məsələnin hərtərəfli araşdırılmasını, beynəlxalq təcrübənin öyrənilməsini və bununla bağlı müvafiq orqanlara müraciət edilməsini qərara alıb.
Xatırladaq ki, “Sosial sığorta haqqında” qanuna 21 oktyabr 2005-ci ildə edilmiş dəyişikliyə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə sığortaedənin sığortaçılara ödədiyi sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər məcburi dövlət sosial sığorta haqqından azaddır. Vergi Məcəlləsinə 19 iyul 2009-cu ildə edilmiş dəyişikliyə əsasən isə 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaçılara ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.