Azərbaycanın peşəkar sığorta bazarı iştirakçıları gələn ay Türkiyədə keçiriləcək sığorta həftəsi tədbirlərində iştirak edəcəklər.
Bunu “Report”a açıqlamasında "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev bildirib.
“ASA ilə Türkiyə Sığorta Birliyi arasında olan əməkdaşlıq çərçivəsində ölkəmizin peşəkar sığorta bazarı iştirakçılarından ibarət heyət oktyabr ayının ilk həftəsində Türkiyədə sığorta həftəsi çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcəklər. 1-2 oktyabrda İstanbul şəhərində “Beynəlxalq Sığorta Zirvəsi”, 3-5 oktyabrda isə Antalya şəhərində “Beynəlxalq Sığorta Konqresi və Sərgisi” təşkil olunacaq”. Bu, iki qardaş ölkə arasında sığorta sahəsində əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək" - deyə o qeyd edib.
“ASA olaraq artıq 4 ildir ki, qardaş ölkə Türkiyənin sığorta sektoru ilə, bilavasitə Türkiyə Sığorta Birliyi ilə sıx əməkdaşlıq edirik. Bu əməkdaşlıq Türkiyənin sığorta təcrübəsinin yaxından öyrənilməsinə, habelə geniş spektrli beynəlxalq əlaqələrin formalaşdırılmasına təkan verir. Antalyada təşkil olunacaq sayca 3-cü “Beynəlxalq Sığorta Konqresi və Sərgisi”ndə ilk dəfə olaraq Azərbaycanın stendi yer alacaq. Bu stend ölkəmizin sığorta sahəsində qazandığı nailiyyətlərin tanıdılmasında bir pəncərə rolunu oynayacaq”, - deyə E.Mirsalayev əlavə edib.
Azərbaycan ilə Türkiyənin sığorta bazarları arasında sistemli əlaqələr 7 dekabr 2020-ci ildə ASA ilə Türkiyə Sığorta Birliyi arasında imzalanmış Memorandumla yaradılıb.