ARDNF Almaniya "Deutsche Bank"ının törəmə şirkətinin xidmətindən yararlanmaqda davam edəcək

ARDNF Almaniya "Deutsche Bank"ının törəmə şirkətinin xidmətindən yararlanmaqda davam edəcək Fond ötən həftə reytinqi endirilmiş bankın törəməsi - "Deutsche Asset & Wealth Management International GmbH."nın xidmətindən imtina etməyəcək
Maliyyə
2 Oktyabr , 2017 14:14
ARDNF Almaniya Deutsche Bankının törəmə şirkətinin xidmətindən yararlanmaqda davam edəcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən həftə reytinqi endirilmiş Almaniya "Deutsche Bank"ının törəmə şirkəti - "Deutsche Asset & Wealth Management International GmbH."nın xidmətindən hələ ki, imtina etmək niyyətində deyil.

Bunu “Report”un sorğusuna cavab olaraq fonddan bildiriblər.

Xatırladaq ki, "Fitch" Beynəlxalq Reytinq Agentliyi bankın uzunmüddətli kredit reytinqini "A-"dən "BBB+"a endirib. Reytinq üzrə proqnoz isə "stabil"dir. Agentlik qərarını "Deutsche Bank"ın hədəflədiyi mənfəət göstəricisinə gec nail olacağı ilə izah edib. Bankın adıçəkilən törəmə şirkəti ARDNF-in sabit gəlirli qiymətli kağızlar portfelinin 0,29%-lik və yaxud 103,7 mln. dollarlıq hissəsini idarə edən xarici menecerlərdən biridir.

“Vəsaitlərin idarə edilməsi üzrə cəlb olunan xarici menecerlərin seçimi tələbləri ümumi olaraq illik əsasda təsdiq olunan "ARDNF-in investisiya siyasəti” sənədi ilə müəyyən olunur. Bununla yanaşı hər bir xarici menecer seçilərkən ətraflı araşdırmalar aparılır və seçim üzrə müvafiq mərhələlər, o cümlədən tenderin elanı, nəticələr və s. barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar çatdırılır. Müvafiq tələbə əsasən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (“Standard and Poor's”, “Fitch” və “Moody's”) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalıdır və sözügedən xarici menecerdə belədir.

ARDNF-nin xarici menecerlərə idarəetməyə verilən vəsaitlərinin risk və gəlirlilik göstəriciləri daima nəzarətdə saxlanılır və hesabatlılığı təmin edilir. Bununla yanaşı, xarici menecerin özünün cari maliyyə vəziyyətinin və fəaliyyətinin daxili prosedurlara əsasən monitorinqi aparılır və təbii ki, Fondun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının müvafiq tələbləri də nəzərə alınaraq xarici menecerlər barədə aidiyyatı qərarlar verilir” – açıqlamada qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi