Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorundakı aktivlərdəki payı artsa da, onların maliyyə vasitəçiliyindəki rolu hələ də kiçik olaraq qalır.
"Report" xəbər verir ki, bu barədə “Azərbaycan Mikromaliyyə Assosiasiyası” İctimai Birliyinin (AMFA) İdarə Heyətinin sədri Cəlal Əliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında deyib.
Onun sözlərinə görə, maliyyə sektorunun ümumi aktivlərində BOKT-ların payı 1,6 % təşkil edir. 2024-cü ilin iyulun 1-nə olan məlumata görə, BOKT-ların sayı 55, kredit ittifaqlarının isə 39 olub. Hazırda fəaliyyətdə olan BOKT-ların 15-i xarici kapitalın iştirakı ilə yaradılıb, onlardan 12-də xarici kapitalın payı 50 %-dən çoxdur. Yanvar-iyun aylarında BOKT işçilərinin sayı 153 nəfər artaraq 3 442 nəfərə, filialların sayı isə 12 artaraq 308-ə çatıb.
C.Əliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən BOKT-ların cəmi aktivləri yarım il ərzində 13 % (95,5 milyon manat) artaraq 854 milyon manata çatıb.
“Bu artım xalis kredit portfelinin genişlənməsi ilə müşahidə olunub. Belə ki, 2024-cü ilin I yarısında BOKT-ların xalis kredit portfeli də 13 % (72 milyon manat) artıb. Sektorun mənfəətliliyində də artım dinamikası mövcuddur. İlk yarımildə BOKT-lar 76,6 milyon manat mənfəət əldə edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 191 % çoxdur. Mənfəətliliyin artmasında kredit portfelinin genişlənməsi ilə bağlı faiz gəlirlərinin artması və kredit təşkilatlarının əməliyyat səmərəliliyinin yüksəlməsi mühüm rol oynayıb. Qeyri-faiz gəlirlərinin məcmu gəlirlərdəki payı isə 14 %-dən 25 %-ə qalxıb. Mənfəətliliyin artması fonunda aktivlərin gəlirliliyi (ROA) və xalis mənfəətin balans kapitalına nisbəti (ROE) ötən ilin iyun ayının sonu ilə müqayisədə iki dəfə artaraq müvafiq olaraq 17,91 % və 41 % olub”, -AMFA-nın sədri deyib.