Azərbaycan Mərkəzi Bankı (AMB) bəzi sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası bazarını tərk etməsində problem görmür.
“Report” xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə qurumun "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nın təqdimatında bildirib.
Xatırladaq ki, indiyə qədər "Azsığorta", "İpək Yolu Sığorta", "A-Qrup Sığorta" və "Bakı Sığorta" ASC-lərin könüllü müraciəti əsasında onların lisenziyalarının qüvvəsi icbari avtosığortaya verilmiş icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb.
"AMB üçün bu bazarı hansı sığorta şirkətinin tərk etməsinin fərqi yoxdur. İcbari avtosığorta üzrə xidmət göstərən şirkət həmin müştəriyə kasko sığortası da satmağı bacarmalıdır. Yəni sığortaçı maliyyə dayanıqlılığını icbari avtosığorta hesabına əldə etməməlidir, bir az könüllü sığorta bazarında da aktiv olmalıdır. Sığorta şirkətinin hansısa seqamentdən çıxması kommersiya marağı ilə bağlı məsələdir. Yəni şirkət hesab edirsə ki, bu sığorta növü zərərlidir, həmin seqmentdə qalmaq sərf eləmir, onda həmin bazardan çıxır və bu, normal tendensiyadır", - deyə o qeyd edib.
Bundan başqa, AMB rəsmisi əlavə edib ki, Azərbaycanda kasko sığortasının inkişafı ölkədəki maşınların yaşından asılıdır: "Bizdə maşınların orta ömrü çoxdur. Nəticədə kasko sığortası haqqı artıq və onu satmaq çətinləşir. AMB üzərinə düşəni edir. Bazarda inkişaf meylləri görünür. Yaxın 3 ildə bu bazarda inkişafı proqnozlaşdırırıq".