​​​​​​​AMB: Gələn il pul siyasətinin son hədəfi 4±2% inflyasiya olacaq

​​​​​​​AMB: Gələn il pul siyasətinin son hədəfi 4±2% inflyasiya olacaq 2021-ci ildə də pul siyasətinin prioritet məqsədini milli valyutaya inamın başlıca zəmanətçisi olan qiymət sabitliyi təşkil edəcək.
Maliyyə
29 Dekabr , 2020 09:36
​​​​​​​AMB: Gələn il pul siyasətinin son hədəfi 4±2% inflyasiya olacaq

2021-ci ildə də pul siyasətinin prioritet məqsədini milli valyutaya inamın başlıca zəmanətçisi olan qiymət sabitliyi təşkil edəcək. İnflyasiyaya təsir imkanlarını gücləndirmək istiqamətində islahatlar davam etdiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, 2021-ci ildə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində idarə olunması təşkil edəcək. Əvvəlki illərdə olduğu kimi növbəti ilə də hədəf istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.

İnflyasiya hədəfinə nail olmaq üçün pul siyasətinin aralıq hədəfləri olaraq məzənnə, pul təklifi və faiz dərəcələrindən qərarların transmissiya xüsusiyyətləri nəzərə alınmaqla istifadə ediləcək.

Pul siyasəti yürüdülərkən manatın məzənnəsinin inflyasiyaya qısa və ortamüddətli ötürücülüyü diqqətdə saxlanılacaq. İstehlakda idxal mallarının əhəmiyyətli paya malik olması məzənnənin başlıca inflyasiya amili olmasını şərtləndirir. Növbəti ildə də valyuta bazarında tarazlıq tədiyə balansının vəziyyətindən, dövlətin valyuta tələbi və təklifindən, habelə iqtisadi subyektlərin məzənnə gözləntilərindən asılı olacaq. Zəruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı təmin etmək üçün hökumətlə birlikdə qabaqlayıcı tədbirlər görüləcək. Valyuta tənzimlənməsinin optimallaşdırılması işləri 2021-ci ildə də diqqətdə saxlanılacaq.

Digər lövbər olan pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər nəzərə alınmaqla tənzimlənəcək.

Hədəflərə nail olmaq üçün perspektivdə də AMB bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək, verdiyi siyasət qərarlarının ardıcıllığı və effektivliyini diqqətdə saxlayacaq. Pul siyasəti alətləri üzrə kəmiyyət parametrləri növbəti ildə də iqtisadiyyatın likvidlik ehtiyaclarından və maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq çevik tənzimlənəcək. Pul siyasətinin transmissiya effektini gücləndirmək, habelə pul bazarının aktivləşməsini və gəlirlik əyrisinin formalaşmasını dəstəkləmək üçün əməliyyat prosedurlarının təkmilləşdirilməsi davam etdiriləcək.

Faiz dəhlizinin parametrləri haqda qərarlar makroiqtisadi proqnozlar və risk balansı nəzərə alınmaqla qəbul ediləcək. Pul siyasətinin izafi yumşalmasının mümkün neqativ nəticələri nəzərə alınmaqla risklərin qiymətləndirilməsi zamanı konservativ mövqe saxlanılacaq. 2021-ci ilin ilk rübündə inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyünü qoruyacağı gözlənilir. Bu dövrdə dünya ərzaq qiymətlərində bahalaşma və epidemiya əleyhinə xərclərin artması məcmu tələbin azalması hesabına neytrallaşa bilər. Ortamüddətli dövr üzrə isə məcmu tələbin və beləliklə iqtisadi artımın bərpası inflyasiya proseslərinə təsir edən başlıca amillərdən biri olacaq. Manatın məzənnəsinin sabitliyinin qorunması həm qısa, həm də ortamüddətli dövrdə makroiqtisadi sabitliyin əsas lövbəri rolunda çıxış edəcək.

Risk balansını və qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla inflyasiyanın hədəfdə saxlanılması növbəti ildə də əhəmiyyətli dərəcədə iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə fiskal və monetar siyasət üzrə effektiv koordinasiyadan asılı olacaq. Digər tərəfdən ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmalıdır ki, bu da dayanıqlı qiymət sabitliyi üçün əhəmiyyətlidir.

AMB inflyasiyaya təsir imkanlarının yüksəldilməsi istiqamətində fəaliyyətini 2021-ci ildə də davam etdirəcək. Pul siyasətinin strateji çərçivəsinin təkmilləşdirilməsi, transmissiyada faiz kanalının gücləndirilməsi şərtlərinin realizasiyası xüsusi diqqətdə saxlanılacaq. Yeni bank qanunvericiliyi də AMB-nin bütün istiqamətlərdə fəaliyyətinin institusional əsaslarını qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırmaqla onun başlıca mandatı olan qiymət sabitliyinə təsirini gücləndirəcək.

Son xəbərlər

Orphus sistemi