Azərbaycan Mərkəzi Bankı (AMB) Dayanıqlı Maliyyə ilə bağlı Planına əsasən yerli maliyyə institutları üçün müəyyən çərçivə hazırlayır və onun bu ilin sonuna qədər tətbiqini planlaşdırılır.
"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə qurumun təşkilatçılığı ilə keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın dayanıqlı maliyyə ilə bağlı siyasəti 4 sütuna bölünür:
"Birinci sütun ölkədə maliyyə sektorunda potensialı artırmaqdan ibarətdir: Başa düşürük ki, ölkədə lazımi insan resursları olmadığı müddətdə nə AMB-də, nə də maliyyə sektorunda hər hansı dayanıqlı maliyyənin inkişafından söhbət gedə bilməz. Bununla bağlı bu ildən etibarən silsilə tədbirlər keçirilir.
İkinci istiqamətimiz tənzimləyici boşluğu aradan qaldırılmaqdır. Burda qaydalar, qanunlar, təlimatların hazırlanması və yerli bazara uyğunlaşdırılması nəzərdə tutulur.
Üçüncü istiqamətimiz taksanomiyanın hazırlanmasıdır. Normalda digər ölkə təcrübələrinə baxsaq taksanomiyanın hazırlanması 1-2 illik prosesdir, ancaq biz bunu 6 ay ərzində COP29-a görə sürətli şəkildə hazırlamağa çalışırıq. Artıq yekun mərhələdədir.
Dördüncü istiqamətimiz isə şəffaflıqdır. Burda isə maliyyə institutları ESG tələblərinə müəyyən qədər riayət etsələr belə, nəticə etibarı ilə ictimaiyyəti məlumatlılığın artırılması da əsas hədəfdir".