“AFB Bank”ın mənfəəti 41% azalıb
- 01 noyabr, 2019
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
“AFB Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 4,385 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 41,2% azdır.
9 ay ərzində “AFB Bank”ın gəlirləri 29,148 milyon manat (illik müqayisədə 16,4% az), xərcləri 16,477 milyon manat (0,7% çox), xüsusi ehtiyatlara ayırmaları isə 8,286 milyon manat (24,9% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “AFB Bank”ın aktivləri 583,274 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38,9% çoxdur. Bunun 240,339 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 63,9% böyüyüb.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 45,8% artaraq 504,83 milyon manata, o cümlədən depozit portfeli 73,5% artaraq 382,657 milyon manata, balans kapitalı isə 6,3% artaraq 78,444 milyon manata çatıb.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.