ADB Azərbaycanda dövlət müəssisələrinin restrukturizasiyasını dəstəkləyəcək
- 01 oktyabr, 2021
- 14:00
Asiya İnkişaf Bankı (ADB) “İdarəçiliyin təkmilləşdirilməsi və dövlət sektorunun səmərəliliyini artırılması Proqramı, II alt proqram” (İmproving Governance and Public Sector efficiency Program, Subprogram II) çərçivəsindəki texniki dəstəyinin müddətini 2022-ci ilin ortalarınadək uzadıb.
“Report” xəbər verir ki, ADB-nın birinci və ikinci alt proqramların nəticlərinə həsr olunmuş hesabatında həmin dəstəyin ilkin olaraq 2019-cu ilin dekabr ayından 2021-ci ilin aprel ayınadək davam edəcəyi nəzərdə tutulurdu: “Texniki dəstəyin uzadılması əksər işlərin COVID-19 pandemiyası və geosiyasi vəziyyətə görə yarımçıq qalmasından irəli gəlir”.
Sözügedən texniki yardım çərçivəsində pandemiyadan sonrakı dövr üçün PPEF (post proqram əlaqələndirilməsi) bərpa tədbirləri və əlaqədar islahatlarla bağlı hökuməti dəstəkləmək məqsədilə 800 min ABŞ dolları məbləğində qrant ayrılıb.
“Hökumət ilə ADB arasında proqram çərçivəsində nəzərdə tutulmuş hədəfləri dəstəkləmək, xüsusilə də büdcə-vergi və maliyyə sektorlarında, habelə dövlət müəssisələrinin islahatı sahəsində mövcud beynılxalq təcrübəni nəzərə almaq üçün PPEF tədbirləri razılaşdırılıb. Texniki yardım çərçivəsində əlaqəli islahatların növbəti mərhələsinə dair təkliflərin hazırlanacağı gözlənilir”, – deyə hesabatda qeyd olunur.
Qeyd edək ki, “İdarəçiliyin təkmilləşdirilməsi və dövlət sektorunun daha səmərə səviyyəyə gətirilməsi Proqramı" dövlət sektorunda idarəçiliyi təkmilləşdirmək, özəl sektorun iqtisadiyyatdakı iştirakını genişləndirmək məqsədləri daşıyan iki alt proqramdan ibarətdir. Hüquqi və təşkilatı islahatlar həyata keçirən hökumət kiçik və orta müəssisələr üçün işgüzar mühiti yaxşılaşdırmaq üçün də müvafiq addımlar atır.
2018-2019-cu illəri əhatə edən və 500 milyon ABŞ diolları məbləğində dəyərləndirilən proqram çərçivəsində hökumət dövlət maliyyələşdirilməsi, dövlət şirkətlərinin korporativ idarəçiliyinin təkmilləşdirilməsi kimi sahələrdə islahatlar aparıb. ADB-nin qənaətincə, dövlət şirkətlərində korporativ standartların tətbiqi bu islahatlar arasında xüsusi əhəmiyyət daşıyır.
ADB üzvlüyünə qəbul edildiyi 1999-cu ildən bu yana Azərbaycan bankdan 4 milyard ABŞ dollardan artıq müxtəlif kreditlər alıb.