ADB Azərbaycan üçün iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması proqramı hazırlayacaq
- 02 iyul, 2022
- 07:40
Asiya İnkişaf Bankı (ADB) Mərkəzi və Qərbi Asiya regionu ölkələri üçün (CWRD) texniki yardım layihəsinə start verir. Söhbət regionun inkişaf etməkdə olan ölkələrində iqlim dəyişikliyi məsələlərinin ADB tərəfindən maliyyələşdirilən fəaliyyətlərə inteqrasiyasını gücləndirmək üçün iqlim dəyişikliyi strategiyasının və fəaliyyət planının hazırlanmasından gedir.
“Report” ADB-yə istinadən xəbər verir ki, texniki yardımın məbləği 3 milyon ABŞ dolları təşkil edir və bu maliyyə vəsaiti bankın Xüsusi Texniki Yardım Fondundan (TASF 7) təmənnasız olaraq ayrılacaq. Layihə 2022-ci ilin iyulundan 2025-ci ilin dekabrına qədər 3,5 il müddətində həyata keçiriləcək.
“Texniki yardım iqlim dəyişikliyinin təsirinin azaldılması və uyğunlaşma layihələrinin və ya proqramlarının hazırlanmasını asanlaşdıracaq. Bunlar Paris Sazişi əsasında həyata keçiriləcək və regionun inkişaf etməkdə olan üzv ölkələrinin iqlim dəyişikliyi sahəsində prioritetlərinə cavab verəcək. Bu layihə, həmçinin CWRD regionunun inkişaf etməkdə olan ölkələrinin potensialını gücləndirəcək”, - bankın məlumatında deyilir.
Bildirilir ki, iqlim dəyişikliyinin nəticələri regionun resurslardan asılı olan iqtisadiyyatlarına təhdid yaradır: “Amudərya və Sırdərya kimi əsas çaylarda axının dəyişməsi daşqın və quraqlığın artdığı regionun bir sıra ölkələrinin iqtisadiyyatı üçün vacib məsələdir”.
Qeyd olunur ki, regionda Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi ən çox enerji sərf edən iqtisadiyyatlara malik olan ölkələr var.
Bankın məlumatına əsasən, enerji resursları ilə zəngin region ölkələri yer altından çıxarılan yanacağa üstünlük verir: “Məsələn, böyük neft və təbii qaz ehtiyatlarına malik Azərbaycan və zəngin kömür ehtiyatlarına malik Qazaxıstan son on ildə güclü iqtisadi artım nümayiş etdirib. 2000-2010-cu illərdə Azərbaycanda real ÜDM 400%, Qazaxıstanda isə 220% artıb. Bu ölkələrdə sənaye və xidmətlər ÜDM-in 80%-dən çoxunu təşkil edir. Bu, enerjidən asılılığı nümayiş etdirir”.
Qeyd edək ki, ADB 2019-cu ildən 2030-cu ilə qədər öz resursları hesabına iqlim sahəsinin maliyyələşdirilməsinə 100 milyard dollar ayırmağı öhdəsinə götürüb.