ADB: "ADIF-in fəaliyyəti özünü doğruldub"
- 11 oktyabr, 2021
- 13:00
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) koronavirus (COVID-19) pandemiyası dövründə üzləşdiyi sınaqdan uğurla çıxaraq 4 bağlanmış bankın əmanətlərini qaytarmaqla fəaliyyətinin nə qədər səmərəli olduğunu sübut edib.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “İdarəçiliyin təkmilləşdirilməsi və dövlət sektorunun daha səmərəli vəziyyətə gətirilməsi, I və II alt proqramları”na (Improving Governance and Public Sector Efficiency Program, Subprogram I and II) yekun hesabatda bildirilir.
“ADIF-ə yenidən sərmayə yatırılması, yeni qiymətqoyma üsulu nəticəsində sığortalanmış əmanətlər vaxtında qaytarılıb. Bu səylər sayəsindədir ki, ötən il ölkənin 15 ən iri maliyyə qurumlarından olan 4-nün ("Amrah Bank", "Atabank", "AGBank" və "NBC Bank" ASC-lər) bağlanması maliyyə sisteminə zərər vurmayıb", – deyə sənəddə qeyd olunub və əlavə edilib ki, həmin bankların 25 min əmanətçisinə ADIF ötən ilin dekabr ayına qədər 600 milyon manat kompensasiya ödəyib.
“Proqram çərçivəsində görülmüş maliyyə və hüquqi tədbirlərlə hökumət ölkədəki maliyyə vəziyyətini sabitləşdirməyi bacarıb, bank kreditləri üzrə faiz dərəcələrinin bir qisminə dövlət zəmanəti olmadan subsidiya üçün 600 milyon ABŞ dollarına yaxın vəsait ayırıb. Həmin vəsaitlər pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarları dəstəkləmək üçün ayrılıb. Bütövlükdə il ərzində kreditlər üzrə faiz ödənişlərinin 10 %-ni qarşılayan hökumət bunun üçün 1 milyard manat vəsait ayırıb.
“Pandemiyanın fəsadlarına baxmayaraq, proqram çərçivəsində həyata keçirilən islahatlar sayəsində hökumət böhrana qarşı daha qətiyyətli və dayanıqlı müqavimət göstərə bilib”, – deyə hesabatda bildirilir.
Xatırladaq ki, ADIF-in Himayəçilər Şurasının 1 iyun 2020-ci il tarixli qərarına görə, Azərbaycanda əmanətlərin illik sığortalanma faizi manat əmanətləri üzrə 12 %, xarici valyuta əmanətləri üzrə isə 2,5 %-dir.