Bakı. 1 oktyabr. REPORT.AZ/ Kanada və ABŞ Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) ilə bağlı razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə Kanadanın "CTV News" telekanalına yüksək çinli amerikalı mənbə məlumat verib.
KİV-də yayılan məlumatlara görə, Kanadanın xarici işlər naziri Xristiya Friland və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythauzer qısa zamanda birgə bəyanatla çıxış edəcəklər. Eyni zamanda, qeyd olunur ki, razılaşmanın əldə olunmasına baxmayaraq, onun hələ yekun təsdiqi qalıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tələbi ilə ABŞ, Meksika və Kanada NAFTA Azad Ticarət Zonasının aktuallaşması üzrə müzakirələr aparırlar. D.Tramp həmçinin Mexiko və Ottava ilə ayrı-ayrılıqda ticarət razılaşmalarının olmasını üstün tutacağını bildirib, bu isə NAFTA-nın üstündən xətt çəkə bilər.