ABŞ və Avropadakı bank böhranları Azərbaycan banklarına təsir göstərəcəkmi?

ABŞ və Avropadakı bank böhranları Azərbaycan banklarına təsir göstərəcəkmi? Təxminən 2 həftədir ki, dünyanın diqqəti ABŞ və Avropadakı bank böhranlarına yönəlib.
Maliyyə
27 Mart , 2023 17:16
ABŞ və Avropadakı bank böhranları Azərbaycan banklarına təsir göstərəcəkmi?

Təxminən 2 həftədir ki, dünyanın diqqəti ABŞ və Avropadakı bank böhranlarına yönəlib.

Qlobal maliyyə sektoru ABŞ-ın “Silicon Valley Bank” və “Signature Bank”ının müflis olmasından 465 milyard dollar itirib.

Həmin bankların təsiri ilə İsveçrənin aparıcı bankı - “Credit Suisse”in maliyyə vəziyyəti pisləşib və kredit təşkilatı ölkənin ən böyük bankı UBS-ə satılıb.

Bəs bu bank böhranları Azərbaycan banklarına təsir edəcəkmi? “Report” bununla bağlı maliyyə ekspertlərinin rəyini öyrənib.

Onlardan biri - Xalid Kərimli deyir ki, qlobal bank böhranlarının Azərbaycana təsiri yaranmış vəziyyətin necə inkişaf edəcəyindən asılıdır: “ABŞ və Avropanın mərkəzi bankları maliyyə sistemlərinin kifayət qədər güclü olduğunu, maliyyə sektorunun likvidlik probleminin olmadığını, bu səbəbdən öz problemlərini həll edə biləcəklərini elan ediblər. ABŞ-da yaşanan böhranın ardınca sektora kənardan dəstək verilib. Əgər əvvəllər 250 min dollara qədər depozitlər sığortalanmışdısa, ABŞ hökuməti onu limitsiz etdi. Hətta startapların cari hesablarında sığortalanmayan məbləğlərin də qaytarılacağını bildirdilər. Amma bu, bütün banklara şamil edilmir. Hökumət bir-iki banka yardım edə bilər. Təbii ki, proses belə davam etsə, ciddi problemlər yaranacaq. Əgər vəziyyət indiki kimi qalsa, maliyyə sektoru çökməsə, bu böhran Azərbaycanın bank sektoruna təsir etməyəcək".

Ekspertin fikrincə, bank böhranlarının Azərbaycan mümkün təsirlərini qiymətləndirərkən təkcə yerli bankları deyil, ümumilikdə ölkə iqtisadiyyatını nə gözləməsi barədə fikir yürütmək olar: "Ötən illərdə dünyanın mərkəzi banklarının faiz dərəcələrini ciddi şəkildə artırmasının mənfi təsirlərini müşahidə etmişik. Xüsusən, ABŞ və Avropada bank sektoru çökərsə, həmin ölkələrin banklarında olan hüquqi və fiziki şəxslərin pulları batacaq. Bu da bir çox şirkətlərin müflis olmasına, əmtəə qiymətlərinin kəskin azalmasına gətirib-çıxaracaq. Azərbaycan iqtisadiyyatının, ölkəmizin ixracının, ölkəmizə investisiya qoyuluşlarının əsas mənbəyi əmtəələrdir".

Digər ekspert Əkrəm Həsənli isə hesab edir ki, qlobal bank böhranlarının Azərbaycan banklarına təsir etməsi real deyil: “Azərbaycanda bank sektoru daha çox inzibati alətlərlə idarə olunur, odur ki, həmin böhranlar bizə problem yaratmır. Azərbaycanın böyük bankları xaricdən kredit almır və oraya pul yerləşdirmirlər. Bu səbəbdən ABŞ və Avropada yaşanan bank böhranları bizim üçün təhlükəli deyil. Bizim milli valyutamız üçün də təhlükə yoxdur. Çünki valyuta ehtiyatlarımız kifayət qədər çoxdur".

Son xəbərlər

Orphus sistemi