ABŞ-ın defolt riski maksimal həddə çatıb

ABŞ-ın defolt riski maksimal həddə çatıb Yaxın 30 il ərzində ABŞ borcunun ÜDM-ə nisbəti 77%-dən 150%-ə yüksələcək
Maliyyə
8 Avqust , 2017 12:56
ABŞ-ın defolt riski maksimal həddə çatıb

Bakı. 8 avqust. REPORT.AZ/ ABŞ-ın oktyabr ayında müddəti bitən dövlət istiqrazlarının gəlirliliyi noyabr və ya dekabr ayında müddəti bitənlərlə müqayisədə artım göstərib.

"Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, buna səbəb ABŞ Xəzinədarlığının oktyabrın əvvəlində dövlət borcunun yuxarı həddinin artırılması barədə qərar vermə tarixinin yaxınlaşmasıdır. Konqresdə isə bu mövzuda ciddi siyasi anlaşılmazlıq var və bu, ABŞ-ın defolt olma riskini artırıb. Belə ki, hazırda ABŞ-ın 5 illik dövlət istiqrazlarının CDS-ləri (Credit Default Swap), yəni borcun defolt olmasına qarşı sığorta törəmə aləti Almaniyanın eyni maliyyə aləti ilə müqayisədə 2008-ci ildəki "Lehman Brothers" iflasından bu günədək maksimal həddə çatıb.

Qeyd edək ki, 2013-cü il sentyabrın 30-da ABŞ hökuməti öz fəaliyyətini qismən dayandırıb. Buna səbəb respublikaçı və demokratların yeni büdcə layihəsinin hazırlanmasında razılığa gəlməməsi amili olub. O zaman 16 gün ərzində 1 mln. nəfər işə çıxmayıb. Nəticədə, 2013-cü ilin III rübündə ABŞ iqtisadiyyatında artım 0,25 faiz bəndi azalıb, 120 min nəfər işsiz qalıb.

ABŞ istiqrazları oktyabr ayında risklərin artacağını göstərsə də, "VİX" volatillik indeksi problemlərin 2018-ci ilin əvvəlində başlayacağını göstərir.

Xatırladaq ki, hazırda ABŞ-ın borclanmasının yuxarı limiti 19,808 trln. dollara bərabərdir. Hələlik bu limiti aşmamağa FED-in ehtiyatları kömək edir. Amma qeyd etmək lazımdır ki, mart ayında 405 mlrd. dollar olan ehtiyatlar hazırda 197 mlrd. dollaradək geriləyib. ABŞ-ın 1960-cı ildən bu günədək borcun yuxarı həddini 79 dəfə artırdığı bildirilir. ABŞ borcunun ÜDM-ə nisbəti 2016-cı ildə 77% təşkil edib və bu göstərici II Dünya müharibəsindən sonra ən maksimal səviyyədir. Konqressin büdcə ofisinin (CBO) proqnozlarına görə, bu göstərici 2035-ci ildə 107%-ə, 2047-ci ildə isə 150%-ə çatacaq.

Son xəbərlər

Orphus sistemi