ABŞ-da dövlət istiqrazlarının faizlərinin artması birjalarda satışa səbəb olub

ABŞ-da dövlət istiqrazlarının faizlərinin artması birjalarda satışa səbəb olub Bu gün FED uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Maliyyə
31 Yanvar , 2018 12:33
ABŞ-da dövlət istiqrazlarının faizlərinin artması birjalarda satışa səbəb olub

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ-da 10 illik dövlət istiqrazlarının faiz dərəcələrində artım fond birjalarında satışa səbəb olub.

"Report" xəbər verir ki, istiqrazların faizinin dünən, son 4 ilin maksimal həddi - 2,733 səviyyəsinə qədər artması əsas fond birjalarında satışın başlamasına gətirib çıxarıb.

Analitiklər ABŞ dövlət istiqrazlarının faizinin 2018-ci ilin sonuna yaxın yüksələcəyini ehtimal etsələr də, proses daha tez baş verib. Nəticədə, ABŞ-ın əsas fond indeksi - "Dow-Jones" son 2 gündə 540 bənd və ya 2,02% azalaraq 26 077 bəndə geriləyib.

Expertlər bildiriblər ki, istiqrazların gəlirliliyi 3% - psixoloji həddi ötərsə, o zaman qlobal maliyyə bazarlarında bədbin şərait yarana bilər. Belə ki, faizlərin artması korporativ maliyyələşmə xərclərini artıracaq. Bununla yanaşı, tarixi rekord səviyyələrdə olan fond indekslərinin kəskin düşmə ehtimalı artacaq. Həmçinin, dolların məzənnəsində möhkəmlənmə prosesi sürətlənəcək.

Xatırladaq ki, bu gün ABŞ Federal Ehtiyat Sistemi (FED) növbəti iclasının nəticələrini açıqlayacaq. Bu iclasda uçot dərəcəsinin artırılması gözlənilməsə də, FED-in daha sərt monetar siyasət tətbiq edəcəyi barədə açıqlamaları ola bilər. Bunun nəticəsində FED-in 2018-ci ildə daha bir neçə dəfə faizləri artıracağı barədə fikir formalaşacaq.

Son xəbərlər

Orphus sistemi