“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən orduya dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.
Fond ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.
Xatırladaq ki, ABB korporativ sosial məsuliyyətindən irəli gələrək bu ilin martında Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 2 milyon məbləğində ianə ayırıb.
Bundan başqa, Bank pandemiyaya qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə də dəstək verib. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin “Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub.
Ölkəmizin böyük kommersiya qurumlarından biri olaraq ABB korporativ sosial məsuliyyət layihələri çərçivəsində bu cür tədbirləri bundan sonra da davam etdirəcək.