Bakı. 13 aprel. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Gürcüstandakı törəməsi “ABB-Gürcüstan” SC-nin cəmi aktivləri 2017-ci il aprelin 1-nə 109,121 mln. gürcü larisi (təxminən 77,7 mln. manat) təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 3,7% çoxdur.
“ABB-Gürcüstan”ın aktivlərinin 30,7%-ni və yaxud 33,46 mln. larisini (təxminən 23,8 mln. manat) müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə Bankın kredit portfeli 53,6% böyüyüb.
Hesabat dövründə “ABB-Gürcüstan”ın cəmi öhdəlikləri 6,5% azalaraq 69,944 mln. lariyə (təxminən 49,8 mln. manat), o cümlədən cari depozit portfeli 2,56 dəfə artaraq 37,161 mln. lari, müddətli depozit portfeli isə 3,07 dəfə artaraq 3,692 mln. lari, ümumilikdə depozit porteli isə 2,6 dəfə artaraq 40,853 mln. lari (təxminən 29,1 mln. manat) olub.
Son bir ildə Bankın nizamnamə kapitalı sabit – 22,688 mln. lari (16,15 mln. manat) qalsa da, məcmu kapitalı 28,8% artaraq 39,178 mln. lari (təxminən 27,9 mln. manat) olub.
Bu ilin I rübündə “ABB-Gürcüstan”ın faiz gəlirləri 1,538 mln. lari (2016-cı ilin eyni dövrünə nisbətən 31,2% az), faiz xərcləri 174 min lari (81,3% az), qeyri-faiz gəlirləri 696 min lari (27% az), qeyri-faiz xərcləri isə 997 min lari (25,3% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 1,063 mln. lari (27,4% az) olub.
“ABB-Gürcüstan” aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün ehtiyatların yaradılmasına çəkdiyi xərclərə 691 min lari qənaət edib və rübü 1,754 mln. lari (təxminən 1,25 mln. manat) xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% çoxdur.
Xatırladaq ki, “ABB-Gürcüstan” 2007-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 75%-i ABB-yə, 12,5%-i “Azərbaycan Sənaye Bankı” ASC-yə, 12,5%-i isə fiziki şəxslərə məxsusdur.