Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasında (ABA) Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib.
“Report” ABA-ya istinadən xəbər verir ki, görüşdə qurumun prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, baş iqtisadçı Bəhruz Əhmədov və Aİ-nin Azərbaycandakı səfiri Kəstutis Yankauskas iştirak edib.
Tərəflər maliyyə, o cümlədən bank sektorunun indiki vəziyyəti, mövcud inkişaf templəri, həyata keçirilən islahatlar, qarşıdakı çağırışlar və bununla bağlı əməkdaşlıq məsələlərini müzakirə edib, yeni qəbul edilmiş “2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ətrafında fikir mübadiləsi aparıb, həmçinin bank-maliyyə sisteminə aid qanunvericiliyin təkmilləşdirilməsi və digər əlaqədar məsələlər üzrə texniki yardım imkanları barədə danışıblar.
Xatırladaq ki, ABA-nı 1990-cı ildə banklar təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 4 bank olmayan kredit təşkilatı ABA-nın üzvüdür.