Aprelin 11-də Azərbaycan Voleybol Federasiyasının (AVF) ümumi yığıncağı keçirildi. Yığıncaqda federasiyaya yeni rəhbər seçkiləri oldu və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçildi.
Həmçinin, sözügedən yığıncaqda Dövlət Gömrük Komitəsinin sədr müavini Bəhruz Quliyev və Faiq Qarayev federasiyanın vitse-prezidenti seçildilər.
Voleybol Federasiyasının yeni rəhbərliyində təmsil olunan vitse-prezident Bəhruz Quliyev “Report”a müsahibəsində bu idman növünün inkişafı ilə bağlı planlardan, yeni rəhbərliyin strategiyasından, hədəflərdən və inkişaf perspektivlərindən danışıb.
- Federasiyanın yeni rəhbərliyi olaraq qarşıya qoyulan qısa, orta və uzunvədəli planlar nələrdir?
- Voleybol Federasiyasının rəhbərliyi olaraq bizim qarşıya qoyduğumuz strateji planlarımız, missiyamız və vizyonumuz var. Uzunmüddətli hədəfimiz, vizyonumuz dünya reytinqində üst sıralara yüksəlmək və daimi olaraq orada qərarlaşmaqdır. Bilirsiniz ki, Azərbaycanda voleybolun yaxşı ənənələri olub. Bizdən əvvəlki rəhbərlik dönəmində müəyyən uğurlar, nailiyyətlər qazanılıb. Qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri də bu uğurları yeni sferalara daşımaq, daha da artırmaqdır. Qısamüddətli hədəflərimizə gəlincə isə, öncə voleybolun kütləviliyini təmin etmək, infrastrukturun funksionallaşdırılması yönündə addımlar atmaqdır. Həmçinin, mükəmməl marketinq platforması üzərində işləyirik. Bütün bu əməliyyatlar üçün iqtisadi əsaslar müəyyən etməyi hədəfləmişik. Bilirik ki, bizdən gözləntilər çoxdur. Buna anlayışla və tam məsuliyyətlə yanaşırıq.
- Siz də vurğuladınız ki, Azərbaycanda voleybolun ənənəsi, müəyyən görülmüş işlər var və bir zamanlar inkişafda olan voleybolda hazırda durğunluq dönəmi müşahidə olunur. Bu idman növünü əvvəlki vəziyyətinə qaytarmaq üçün əlinizdə konkret yol xəritəsi, iş bölgüsü varmı?
- Təbii ki, artıq müəyyən konkret planladığımız işlər var. İlk olaraq effektiv seleksiya işi üzərində çalışırıq. Bu baxımdan həm Təhsil Nazirliyi, həm də Gənclər və İdman Nazirliyi ilə birlikdə hədəfləri müəyyənləşdirmişik və bu hədəflərə çatmaq üçün hansı etaplardan keçməliyik, artıq bunlar da müəyyən edilib.
- Şahin Bağırov AVF-yə prezident seçildikdən sonra İdarə Heyətində əvvəlki rəhbərlikdən Faiq Qarayev istisna olmaqla, hər kəs dəyişdi. Bu qədər radikal dəyişikliyin səbəbi nədir?
- Deməzdim ki, Faiq Qarayev istisna olmaqla əvvəlki heyətdən hər kəslə yolları ayırmışıq. Doğrudur, müəyyən dəyişikliklər oldu, yenə olacaq, amma federasiyanın və klubların digər əməkdaşları arasında əsaslı, kütləvi ixtisarlar gözlənilmir.
- Bəlli məsələdir ki, bu gün ölkə çempionatında vəziyyət arzuolunan səviyyədə deyil. Həm kişilərin, həm də qadınların yarışında komanda sayı olduqca azdır və aydındır ki, rəqabət olmayan yerdə inkişafdan danışmaq olmaz. Yeni klubların yaradılması, bunun üçün sponsorların cəlb olunması baxımından hansı işləri görməyi planlayırsınız?
- Doğru vurğuladınız ki, çempionatın yüksək dəstəsində komanda sayı azdır. Amma Birinci Liqaya baxsaq, görərik ki, həm qadınlar, həm də kişilər arasında kifayət qədər komandalar var. Bu, bizim üçün ümidverici faktdır. Düşünürük ki, Birinci Liqadan müəyyən standartlara cavab verən kollektivləri Super Liqaya çıxara bilərik. Bunun üçün seçim kriteriyaları təyin olunacaq. Həmçinin bir neçə klubun yaradılması da nəzərdə tutulub. Sponsorlar məsələsinə gəlincə, biz çalışırıq ki, işimizi elə quraq, marketinq siyasətini, brendləşməni elə təşkil edək ki, sponsor özü bizimlə işləməkdə maraqlı olsun. Bu sistem üzərində artıq işləyirik və yaxın günlərdə yəqin ki, ictimaiyyətə açıqlama verəcəyik.
- “Rabitə”, “Azərreyl”, “Azəryol”, “Lokomotiv” kimi dövlət qurumlarının təşkil etdiyi klublar zaman-zaman ölkə çempionatında çıxış edib, hətta uğurlar qazanıblar. Gələcəkdə Azərbaycanda “Gömrükçü” voleybol klubu görə bilərikmi? Nəzərə alsaq ki, “Gömrükçü” İdman klubu var və daha əvvəl bu adla müxtəlif idman növlərində komandalar təşkil olunub...
- Hazırda Dövlət Gömrük Komitəsinin nəzdində İdman Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə 10-a yaxın idman növündə idmançılar və komandalar var ki, onlar həm ölkə daxilində, həm də beynəlxalq yarışlarda “Gömrükçü” İdman Klubunun adından iştirak edirlər. Əgər planlaşdırdığımız infrastruktur layihələrini uğurla həyata keçirsək, voleybolçulardan ibarət “Gömrükçü” komandasının yaradılması da nəzərdə tutula bilər.
- Regionlarda voleybolun inkişafı üçün nələr etməyi düşünürsünüz? Demək olar ki, hər rayonda Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Bu komplekslərin zalları voleybol, basketbol, həndbol kimi idman növlərinin inkişafı baxımından əlverişli olsa da, təəssüf ki, onlardan istifadə edilmir...
- Yaxşı mövzuya toxundunuz. Biz artıq bununla bağlı işlərə başlamışıq. Araşdırma aparırıq ki, hansı bölgədə, hansı regionda voleybol ənənələri olub. İlkin qənaətimiz budur ki, Şimal, Mərkəzi Aran və Qərb bölgələrimizdə bu növ həmişə populyar olub. Artıq həmin regionlardakı voleybol komandaları ilə danışırıq, onların problemləri, çatışmazlıqları ilə maraqlanırıq, müəyyən qeydiyyatlar aparmışıq və dəstəyimizi göstərəcəyik. Məqsədimiz ilk etapda rayonlar arasında çempionatlar keçirmək, daha sonra bunları regional qruplar halında təsnifləşdirmək, yekunda isə fərqlənən komandaları ölkə çempionatına dəvət etməkdir. Müxtəlif liqalar formalaşdırmaq istəyirik.
- Belə bir fikir var ki, azərbaycanlılar fiziki quruluş olaraq, daha çox ortaboylu insanlar olduqlarından bu amil basketbol, voleybol kimi idman növlərinin inkişafına mane olur. Siz bu fikirlə razısınızmı?
- Bilirsiniz ki, voleybol yeganə komanda idman növüdür ki, burada rəqiblə birbaşa təmas olmur. Bu səbəbdən də zədələnmə faizi çox aşağıdır. Düşünürəm ki, voleybolçuda intellekt səviyyəsi yüksək olmalıdır. İdmançının topu hiss etməsi, onun hansı istiqamətə gedəcəyini bilməsi, hesablaması, zamanında bloka çıxması və s. amillər əsas rol oynayır. Azərbaycan insanında elmin, təhsilin, intellektin səviyyəsi kifayət qədər yüksəkdir. Ağıllı, sərrast düşüncəli gənclərimiz, yeniyetmələrimiz var. Onların da arasından voleybol oynamaq istəyənləri, bu növə marağı olanları seçib ölkə idmanına qazandırmağa çalışacağıq. Ümumiyyətlə, azərbaycanlıların əksəriyyət etibarilə qısaboylu və ya ortaboylu olması fikri ilə razılaşmıram. Müəyyən regionlarımız var ki, orada gənclər fiziki cəhətdən kifayət qədər yaxşı inkişaf ediblər. Belə gəncləri kəşf edib, seçib idmana gətirmək üçün bizim regionlarla iş və inkişaf mərkəzimiz var, ayrıca bir bölmədir ki, sırf onlarla məşğul olacaq.
- Yuxarıda qeyd etdiniz ki, fəaliyyət istiqamətləriniz arasında həm Təhsil Nazirliyi (TN), həm də Gənclər və İdman Nazirliyi (AGİN) ilə ortaq planlarınız var. Gənclər arasında bu idman növünü populyarlaşdırmaq üçün məktəblərdə, tədris ocaqlarında həm tədris olaraq, həm də ümumiyyətlə, təbliğat olaraq hansı işlər planlaşdırılır? Bununla bağlı Təhsil Nazirliyi ilə konkret görüşlər, danışıqlar olacaqmı?
- Artıq müəyyən etmişik ki, bəzi məktəblərdə voleybol dərs kimi keçilməsə də, dərsdən sonra asudə vaxtlarda əlavə məşq kimi keçirilir və böyük maraq var. Həmçinin bizə məlumdur ki, Gənclər və İdman Nazirliyinin tabeliyində 20-dən çox Uşaq-Gənclər İdman Məktəbləri (UGİM) var. Onlardan yararlanmaq və bu məktəblərin tərkibində voleybolu inkişaf etdirməyi planlaşdırmışıq. AGİN-lə sıx əlaqələrimiz var. Tez-tez danışırıq, işgüzar görüşlər təşkil olunur, yaxın günlərdə, ölkə çempionatı başa çatdıqdan sonra işlərə start verəcəyik.
- Vaxtilə Azərbaycan klublarında kifayət qədər sanballı legionerlər, əcnəbi voleybolçular çıxış edirdilər. Bu, həm azarkeş marağı baxımından, həm də klubların avrokuboklardakı uğurlu çıxışında mühüm rol oynayırdı. Yenidən tanınmış idmançıların cəlb olunmasında federasiya maraqlı ola bilərmi, yoxsa sırf klubların öhdəsində olacaq?
- Bizim özümüzün də kifayət qədər tanınmış, uğurlu, milli komandanın üzvü olan idmançılarımız var ki, başqa ölkələrin klublarında oynayırlar. Birinci, əsas məqsədimiz odur ki, həmin voleybolçuları dəvət edək, öz klublarımızda çıxış etsinlər. Amma əgər klublar özləri də hansısa oyunçunu heyətə cəlb etmək istəyəcəksə, təbii ki, federasiya da bunun əleyhinə olmayacaq. Dünyanın hər yerində mövcud qaydalar var və biz də bu qaydaları tətbiq edəcəyik.
- Bu mövsümün gedişatında “Neftçi” və “Xarı Bülbül” komandaları arasında baş tutan oyundan sonra hakimliklə bağlı ciddi narazılıq yarandı, hətta bir neçə turda “Xarı Bülbül”ün oyununda hakimlərin meydana çıxmaması ilə əlaqədar matç təxirə salındı. Gələcəkdə bu kimi halların baş verməməsi üçün hakimlər və komandalarla bağlı hansısa işlər nəzərdə tutulubmu?
- Bununla bağlı xüsusi planlarımız var əlbəttə ki. Komanda oyunlarında belə hallara tez-tez rast gəlinir. Biz federasiyanın tərkibində yeni bir strukturda intizam komissiyası formalaşdıracağıq. Həmçinin bu komissiyanın alt qrupları olacaq ki, bu vasitə ilə biz təkcə hansısa baş vermiş konflikti araşdırıb hüquqi qiymət verməyəcəyik, həm də konfliktin baş verməməsi üçün mövcud anlaşılmazlıqları aradan qaldıracağıq və bu yöndə önləyici tədbirlər həyata keçirəcəyik.
- Milli komandalarla bağlı konkret planlar necədir? Baş məşqçi dəyişiklikləri gözlənilirmi?
- Bildiyiniz kimi, federasiya rəhbərliyinə yeni təyinatdan sonra hər gün ölkə çempionatının oyunları gedir. Artıq milli çempionat yekunlaşmaq üzrədir. Bizim hələ milli komandaların baş məşqçiləri ilə danışmaq, görüşmək imkanımız olmayıb. Müəyyən danışıqlardan, qarşılıqlı fikir mübadiləsindən sonra bununla bağlı konkret qərarlar verəcəyik.
- Belə başa düşdüm ki, yaxın gələcəkdə milli komandalara yeni məşqçi təyinatı olmayacaq...
- Yaxın gələcəkdə deməzdim, amma yaxın günlərdə bu barədə yeni bir qərar olmayacaq.
- Seçkilərdən sonra federasiya prezidenti ilə bərabər həm klub nümayəndələri, həm də federasiyanın digər işçiləri ilə görüşləriniz oldu. Bu görüşlərdən sonra ilk təəssüratlarınız necədir?
- Komanda idman növlərində idarəçilik fərdi növlərə baxanda daha çətindir. İdmançılarla ayrı-ayrılıqda münasibət qurmaq, kollektivi idarə etmək üçün fərqli yanaşma lazımdır. Bu baxımdan asan olmayacağını bilirik və işimizin məsuliyyətini dərk edirik. Amma federasiyanın vitse-prezidenti kimi deyirəm ki, əgər bu iş bizə həvalə olunubsa, inşallah öhdəsindən layiqincə gələcəyik.