Bakı. 20 dekabr. REPORT.AZ/ Ukraynalı suyatullanan, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Aleksey Priqorov karyerasını Azərbaycan milli komandasında davam etdirəcək. "Report"un məlumatına görə, bu barədə "Veçerniy Xarkov"a Ukrayna yığmasının məşqçisi Tamara Tokmaçeva açıqlama verib.
O bildirib ki, artıq idmançı Ukrayna millisindən çıxması barədə məktub yazıb və Azərbaycana yollanmağa hazırlaşır: "Hələ sentyabrın əvvəllərində Azərbaycan Üzgüçülük Federasiyasından müvafiq məktub almışdıq. I Avropa Oyunlarına hazırlıq zamanı ölkədə böyük akvatoriya tikilib. Yəni Bakıda baza problemi yoxdur".
Məşqçinin sözlərinə görə, A.Priqorovun 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməsi üçün Ukrayna Üzgüçülük Federasiyasından xüsusi icazə lazımdır: "Azərbaycan tərəfi isə idmançının hazırlığına çəkilmiş xərclərin heç olmasa bir hissəsini kompensasiya kimi ödəməlidir".
Qeyd edək ki, A.Priqorov 25 iyun 1987-ci ildə Xarkovda anadan olub. O, həm də 2004-cü ildə yeniyetmələr, 2009 və 2010-cu illərdə Avropa çempionu, 2012-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.