Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı.
"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının X turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis uduzduqları üçün məyus olduqlarını bildirib:
"Rəqib layiqli qələbə qazandı. Adətən oyunda üstünlük bizim tərəfimizdə olsa da, bu dəfə gedişata diqtə edən tərəf onlar idi. Görüşün əvvəli bərabər səviyyəli keçdi. Daha sonra rəqib hesabda önə çıxarkən oyunumuzda tələskənliyə yol verdik. Unutmaq lazım deyil ki, qarşılaşma 10 yox, 40 dəqiqədir. Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı".
O, yeni transferlərin çıxışları barədə danışıb:
"Yeni transfer olunan basketbolçuların keyfiyyətli oyun nümayiş etdirdiklərini söyləyə bilərik. Lakin oyun fəlsəfəmizə uyğunlaşmaq üçün zamana ehtiyac var. Basketbol intellekti yüksəkdir. Düşünürəm ki, bizim üçün faydalı olacaq”.
Qeyd edək ki, "Sabah" - "Naxçıvan" qarşılaşması ikincilərin 80:75 hesablı qələbəsi ilə yekunlaşıb.