Murad Babayev: "NTD istənilən rəqibə problem yarada biləcək gücdədir"
- 02 aprel, 2026
- 16:42
NTD basketbol klubu istənilən rəqibə problem yarada biləcək gücdədir.
"Report" xəbər verir ki, bunu komandanın üzvü Murad Babayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Aprelin 4-də baş tutacaq ilk qarşılaşma barədə danışan M.Babayev komandanın qələbəyə kökləndiyini vurğulayıb:
"Sumqayıt" güclü rəqibdir və bizi çətin oyun gözləyir. Əsas məqsədimiz ilk oyunda üstünlük əldə etməkdir. Komanda olaraq tam fokuslanmışıq və qələbə üçün meydana çıxacağıq. Hazırlıq yüksək səviyyədə davam edir. Məşqlərdə həm fiziki, həm də taktiki baxımdan ciddi işləyirik. Komandada ab-hava çox yaxşıdır".
Basketbolçu bu dəfə "Sumqayıt"la matçda fərqli nəticəyə inandığını deyib:
"Kubok oyununda komandamızın heyəti hələ tam formalaşmamışdı, yeni qoşulan oyunçular uyğunlaşma mərhələsində idi. İnanıram ki, bu dəfə nəticə fərqli olacaq. Düşünürəm ki, artıq daha oturuşmuş heyətimiz var və buna görə daha sabit oyun nümayiş etdiririk. Mən də daxil olmaqla, 5-6 oyunçu mövsümə sonradan qoşuldu. Son turda da göstərdik ki, artıq istənilən komandaya problem yarada biləcək gücdəyik".
Öz çıxışına toxunan M.Babayev pley-off mərhələsində daha yaxşı oyun sərgiləmək istədiyini bildirib:
"Ümumilikdə mövsümü normal qiymətləndirərdim, amma hər zaman daha yaxşısını etmək istəyirəm. Öz üzərimdə işləməyə davam edirəm və komandama maksimum fayda verməyə çalışıram. Əsas məqsədim pley-in və pley-off mərhələlərində daha yaxşı çıxış etməkdir".