Leyla Əliyeva: "Avropa çempionatında mübarizə aparmadan təslim olmadıq"

Komanda
  • 02 aprel, 2026
  • 15:18
Leyla Əliyeva: Avropa çempionatında mübarizə aparmadan təslim olmadıq

​Azərbaycanın 18 yaşadək qadın voleybolçulardan ibarət millisi Avropa çempionatının ikinci təsnifat mərhələsində yaxşı mübarizə aparıb və asan təslim olmayıb.

​Bunu "Report"a açıqlamasında komandanın kapitanı Leyla Əliyeva deyib.

​O, rəqiblərin səviyyəsinin çox yüksək olduğunu vurğulayıb:

"Turnirdən əvvəl rəqiblərin səviyyəsinin çox yüksək olduğunu və bizi çətin oyunların gözlədiyini bilirdik. Əlbəttə, komandamız özünü ən yaxşı tərəfdən göstərmək istəyirdi və qızlar əllərindən gələni etdilər. Yaxşı nəticə əldə edə bilmədiyimiz üçün kədərlənirik. Bəli, uduzduq, amma fikrimcə, mübarizə aparmadan təslim olmadıq".

​Kapitan qeyd edib ki, setlərdəki xal fərqi həm texniki, həm də psixoloji faktorlarla bağlı idi:

"Avropa komandalarına qarşı oyunlarda böyük təcrübə qazandıq. Bu da səviyyəmizi və üzərində işləməli olduğumuz sahələri göstərir. Turnirdən nəticələr çıxaracaq və növbəti dəfə daha güclü oyun göstərmək üçün çalışacağıq. Məğlubiyyətlərə əsas səbəb öz səhvlərimiz oldu. Nəticə fərqli ola bilərdi".

​L.Əliyeva hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

"Yarışdan əvvəl məşqlərimiz intensiv və planlı keçdi. Bizə hazırlıq üçün şərait yaratdığı üçün Azərbaycan Voleybol Federasiyasına təşəkkürümü bildirirəm. Həmçinin komandamızla gördüyü işə görə bütün məşqçi heyətinə ayrıca minnətdaram".

Qeyd edək ki, Şahin Çatmanın baş məşqçisi olduğu U-18 millisi Avropa çempionatının ikinci təsnifat mərhələsində İspaniya, Estoniya və Niderlandla mübarizə aparıb. Komanda hər üç görüşdə 0:3 hesabı ilə uduzub.