Beynəlxalq Xizək Federasiyası Sürixdə keçirilən payız konfransında Rusiya və Belarus idmançılarının yarışlardan kənarlaşdırılması ilə bağlı qəbul edilən qadağanın müddətini uzadıb.
“Report” xəbər verir ki, bu barədə İsveç Xizək Assosiasiyasının meneceri Lars Oberq bildirib.
Onun sözlərinə görə, federasiyanın Rusiya məsələsi ilə bağlı fikrini dəyişməməsi müsbət haldır:
“Bu məsələ ilə bağlı qeyri-müəyyənlik mövcud idi. Müzakirələr olmadı, əlavə məlumat verildi. Təkcə Skandinaviya ölkələri və İsveç Olimpiya Komitəsi çox açıq şəkildə bildirdilər ki, biz indiki vəziyyətdə Rusiya və Belarusu geri qaytarmaq üçün heç bir əsasın olmadığını düşünürük”.
2022-ci ilin yazında Beynəlxalq Xizək Federasiyası Rusiya və Belarus nümayəndələrini 2021/22 mövsümünün sonuna qədər beynəlxalq tədbirlərdən kənarlaşdırmaq qərarına gəlib. 22 oktyabr 2022-ci ildə bu qərar daha bir mövsüm uzadılıb.