Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadasının hazırlıq işləri ilə əlaqədar Əməliyyat Komitəsində iclas keçirilib. Əməliyyat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantıda mötəbər yarışın təşkilatçılığı ilə bağlı müzakirələr aparılıb.
Olimpiadanın layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qonaqların qarşılanması və yerləşdirilməsi, yarış zalının tərtibatı, o cümlədən, turnirin tibbi, təhlükəsizlik və digər vacib məsələləri barədə danışılıb. Toplantıya baş nazirin I müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənov qatılıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində paytaxtda həm də Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Konqresi olacaq.