Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün qadın voleybolçulardan ibarət "Azəryol" klubu CEV Kubokunda növbəti görüşünü keçirəcək. "Report"un məlumatına görə, 1/8 final mərhələsinin cavab oyununda rəqib Finlandiyanın "Salo" komandası olacaq.
İlk görüş Bakı klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxtda da üstünlük "Azəryol"un tərəfində olarsa, Azərbaycan təmsilçisi 1/4 finala yüksələcək. Belə olan halda baş məşqçi Ziya Rəcəbovun komandasının rəqibi "Kukier Muşina" (Polşa) və "Nova KBM Branik" (Sloveniya) cütünün qalibi olacaq.
Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. Oyunun hakimləri türkiyəli Cihat Fırıncıoğlu və ukraynalı Aleksey Skibitski olacaq.
Qeyd edək ki, "Azəryol" mərhələ keçəcəyi təqdirdə, 1/4 finalda ilk görüşünü səfərdə keçirəcək.