Yuxarı

​"Azercell" I Uşaq Paralimpiya Oyunlarını dəstəkləyir

Bu gün Sumqayıtda I Uşaq Paralimpiya İdman Oyunları keçirilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsi və "Azercell Telecom" MMC-nin birgə təşkilatçılığı ilə I Uşaq Paralimpiya İdman Oyunları keçirilib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, Sumqayıt Paralimpiya Kompleksində baş tutan festivalın açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkədə paralimpiya idman növü üzrə əldə olunan nailiyyətlər, eyni zamanda, bu sahəyə göstərilən diqqət və qayğının əhəmiyyəti barəsində danışıb, "Azercell" ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.

"Azercell"in prezidenti Vahid Mürsəliyev respublikanın ikinci böyük sənaye şəhəri olan Sumqayıtda belə bir kompleksin fəaliyyətindən məmnun qaldığını bildirib: "50 uşaq və yeniyetmənin müxtəlif idman növləri ilə məşğul olduğu bu kompleksdə gələcəyin çempionlarının yetişdirilməsinə əminəm. Gənc paralimpiyaçılar əzmkarlıq nümayiş etdirərək yüksək nailiyyətlər əldə edirlər. Onlara dəstək olmaq bizim üçün qururverici və çox önəmlidir. İnanırıq ki, onlar hələ çox yerdə Azərbaycan bayrağını dalğalandıracaqlar".

I Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində müxtəlif zallarda cüdo, boccia, tennis və üzgüçülük üzrə yarışlar keçirilib. Yarışda uğurlu nəticə əldə edən uşaqların mükafatlandırılma mərasimindən sonra qaliblərlə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, bir ildir yaranan Uşaq Paralimpiya Komitəsinə ölkənin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Komitənin fəaliyyəti "Azercell Telecom" tərəfindən dəstəklənir. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu il yay aylarının əvvəlində paralimpiya üzrə idman ustaları - I Avropa Oyunlarının əfsanələri İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Müslümov və digərləri "Azercell" şirkətində qonaq olaraq şirkət əməkdaşları ilə görüşüblər.

"Azercell" şirkəti bundan sonra da Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək, körpələrin cəmiyyətə inteqrasiyasını və idmana həvəsini artırmaq üçün köməyini əsrigəməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi