Bakı. 13 iyun. REPORT.AZ/ Futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun sabiq baş məşqçisi Tino Perez İtaliya çempionu olub.
"Report"un məlumatına görə, 49 yaşlı mütəxəssis bu nailiyyəti “Acqua e Sapone” komandası ilə əldə edib. Onun komandası pley-off seriyasında “Luparense”ni qabaqlayıb.
Bununla da Çempionlar Liqasında iştirak edəcək 54-cü komandanın adı dəqiqləşib.
Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 5 ölkəni - Türkiyə, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.
Perez 2014-cü ilin avqustundan 2016-cı ilin mayınadək Azərbaycan millisinin və “Araz”ın baş məşqçisi olub. Onun rəhbərliyi altında "Araz" ölkə çempionu olub, yığma isə dünya çempionatının final mərhələsində 1/4 finaladək irəliləyib.
Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanı Araz" təmsil edəcək. Naxçıvan klubu mübarizəyə əsas mərhələdən başlayacaq. Buna qədər avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ 2 - 7 oktyabrda, elit raund 13 - 18 noyabrda təşkil ediləcək. “Dördlər finalı” 25 - 27 aprel və ya 26 - 28 aprel 2019-cu ildə təşkil olunacaq. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər, bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidir. İyulun 5-də ilkin və əsas, oktyabrın 14-də elit mərhələnin püşkü atılacaq. “Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək.